Könül Nuriyeva: “MDB ölkələri arasında əməkhaqqı səviyyəsinə görə Azərbaycanın ilk beşlikdə yer alması sevindiricidir” Əli Əlirzayev: “Əməkhaqqının artım tempinə görə Azərbaycan bir çox ölkədən qabaqdadır”
Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir.
Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.
MDB ölkələri arasında əməkhaqqı səviyyəsinə görə Azərbaycanın ilk beşlikdə yer almasına münasibət bildirən iqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər bir ölkədə öz valyutasına uyğun olaraq əməkhaqqı hesablanır: “Valyutanın real dəyərinə nəzər salanda onun şəraitə uyğunlaşıb-uyğunlaşmadığı aydın olar. Nəzərə almaq lazımdır ki, Rusiya dünyada ən çox inflyasiyaya məruz qalan ölkədir. Eyni zamanda, həmin ölkənin valyutası nə dərəcədə imkan verir ki, alıcılıq qabiliyyətinə uyğunlaşsın, ya yox? İlk pillədə olan Rusiyada əməkhaqqının yüksək olması o demək deyil ki, həmin ölkənin əhalisinin həyat səviyyəsi yüksəkdir”.
Həmsöhbətimizin sözlərinə görə, MDB ölkələri arasında əməkhaqqı səviyyəsinə görə Azərbaycanın ilk beşlikdə yer alması sevindiricidir.
İqtisadçı-ekspert Əli Əlirzayev bizimlə söhbətində qeyd etdi ki, ümumdaxili məhsulun artım tempini nəzərə alsaq, əməkhaqqında artım var: “Son illərlə müqayisədə həm işə götürülənlərin sayında, həm də əməkhaqqının məbləğində inkişaf var. Əməkhaqqının artım tempinə görə Azərbaycan bir çox ölkədən qabaqdadır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda alıcılıq qabiliyyəti yüksəkdir”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın əksər sahələrində əməkhaqqı yüksəkdir. Sektorların quruluşuna əsasən əməkhaqqı dəyişir.
Günel CƏLİLOVA