Vüqar Bayramov: “Ötən il Azərbaycanın qeyri-neft ixracının təxminən 500 milyon dolları bu ölkənin payına düşüb”
“Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollara yaxın investisiya yatırıb”. Bu fikirlər Moskvada səfərdə olan iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevlə bu ölkənin iqtisadi inkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin arasında keçirilən görüşdə səslənib.
Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 22 faiz artıb.
Ticarət əlaqələrinin artım dinamikası bu ilin 6 ayında da davam edib və bu dövrdə ticarət dövriyyəsi 20 faizədək artıb. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyil ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. “Made in Azerbaijan” brendinin təşviqi, ixracın genişləndirilməsi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri bu ölkədə keçirilmiş sərgilərdə vahid ölkə stendi ilə təmsil olunub. 2017-ci ildə Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli addımdır.
Belə görünür ki, iki ölkə arasında ticarət dövriyyəsi bundan sonra da artmaqda davam edəcək. Eyni zamanda, Rusiyanın Azərbaycanda istehsal olunan qeyri-neft məhsulları üçün oynadığı bazar rolu daha da genişlənəcək. Bu baxımdan sözügedən məsələ ilə bağlı ekspertlərin dəyərləndirməsi nədən ibarətdir? Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Rusiya Azərbaycan məhsullarının ixracı üçün böyük bazar olduğundan, sözügedən imkanlardan səmərəli şəkildə istifadə etmək lazımdır: “Rusiya Azərbaycanın böyük ticarət tərəfdaşıdır. Nəzərə alsaq ki, Azərbaycanın qeyri-neft ixracının təxminən 34 faizi Rusiyanın payına düşür, o zaman bu heç də kiçik rəqəm deyil. 2017-ci ildə Azərbaycanın 1,5 milyard dollarlıq qeyri-neft ixracının təxminən 500 milyon dolları Rusiyanın payına düşüb. Eyni zamanda, Azərbaycanın aqrar ixracatının 90 faizi Rusiyanın payına düşür. Nəticə etibarilə Rusiya Azərbaycan üçün bu kontekstdən əsas tərəfdaşlardan biridir. Növbəti dövrlərdə də güman olunur ki, Rusiya Azərbaycanın qeyri-neft ixracatındakı aparıcı mövqeyini qoruyub saxlayacaq. Çünki Azərbaycanda istehsal olunan məhsullar ənənəvi olaraq Rusiya bazarına daha uyğundur. O baxımdan gözlənir ki, Rusiya bu sahədə mövqeyini qoruyacaq. Rusiyada Azərbaycan sahibkarlarının işləmək imkanları genişdir. Güman edilir ki, növbəti illərdə bu baxımdan Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artacaq. Xüsusən də qeyri-neft sektorunda əməkdaşlığın artacağını müşahidə edəcəyik. Bütün bunlara baxmayaraq, Azərbaycan üçün yeni bazarlara çıxış imkanlarının artırılması da məqsədəuyğundur”.
Vidadi ORDAHALLI