Əkrəm Həsənov: “Qeyri-neft sektorunda inkişaf istənilən səviyyədə olarsa, Azərbaycanın milli valyutası möhkəmliyini qoruyub saxlaya biləcək”
Manatın devalvasiyaya məruz qalacağı ehtimalı yoxdur və Azərbaycanın milli valyutasının məzənnəsi möhkəmlənəcək. Bu, Rusiyanın AKRA reytinq agentliyinin Azərbaycan üzrə iqtisadi icmalında bildirilib.
Agentliyin qiymətləndirmələrinə görə, manatın devalvasiyasından sonra inflyasiyanın yüksəlməsi və əhalinin gəlirlərinin azalması prosesi 2017-2018-ci illərdə dayanıb: “Lakin tənzimləyicinin cari çevik məzənnə rejimini nə qədər saxlamağa nail olacağı məsələsi açıq qalır. Daha əlverişli xarici konyunktura tədiyyə balansı ilə bağlı vəziyyətin yaxşılaşmasına kömək edir. 2017-ci ilin I rübündə tədiyyə balansının saldosu ilkin gəlirlər üzrə ödənişlərin azalması sayəsində müsbət olub. AKRA cari əməliyyatlar hesabını 5-5,7% səviyyəsində proqnozlaşdırır. Bu onunla şərtlənib ki, müsbət ticarət balansı mənfi ilkin gəliri üstələyir. Ticarət balansının müsbət zonaya çıxışı üçün "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 45 ABŞ dolları səviyyəsində müəyyən edilib". , - deyə sənəddə qeyd olunur.
Analitiklərin qiymətləndirmələrinə görə, inflyasiya gözləntilərinin zəifləməsini, artım templərinin ləngiməsini, eləcə də Azərbaycanın beynəlxalq ehtiyatların həcminə görə ölkənin 8-9 ay ərzində ümumi idxalına (2022-ci ilin sonuna bu göstərici üzrə proqnoz 8,5 mlrd. dollar təşkil edir) uyğun səviyyəyə çatmasını nəzərə alaraq manatın dollara nisbətən məzənnəsi sabit - 1,66–1,73 manat diapazonunda olacaq, proqnoz dövrünün sonuna isə 1,66 manatadək möhkəmlənəcək.
Manatın devalvasiyaya uğramayacağı barədə fikir bildirən bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov bizimlə söhbətində dedi ki, Azərbaycan manatının dəyəri birbaşa neftin qiymətindən asılıdır: “Məlumdur ki, son zamanlar neftin qiyməti də dəyişir. Neftin satış qiyməti aşağı düşərsə, o zaman manat ciddi təhlükə ilə üzləşər. Neftin qiyməti stabil olaraq qalarsa və ya yüksələrsə, o zaman manatın məzənnəsi möhkəmliyini qoruyub saxlayacaq”.
Həmsöhbətimiz onu da vurğuladı ki, son zamanlar qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən işlər görülür. Görülən işlər artıq öz bəhrəsini verir. Bu sahədə inkişaf istənilən səviyyədə olarsa, o zaman Azərbaycanın milli valyutası möhkəmliyini qoruyub saxlaya biləcək.
Günel CƏLİLOVA