Rusiyanın AKRA reytinq agentliyi qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının artacağı barədə proqnozu açıqlayıb. Açıqlanan proqnozda bildirilir ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,5 faiz, 2022-ci ildə isə 3,2 faizədək artacaq.
Agentliyin Azərbaycan üzrə hesabatında qeyd olunur ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artım tempi 1,5%, 2019-cu ildə 2,1%, 2020-ci ildə 2,6%, 2021-ci ildə 2,9%, 2022-ci ildə 3,2% təşkil edəcək. Bildirilir ki, nominal ifadədə Azərbaycanın ÜDM-i 2022-ci ildə 102 mlrd. 8 mln. manat təşkil edəcək. Halbuki, 2018-ci ildə bu rəqəmin 75 mlrd. 5 mln. manat olacağı gözlənir.
2022-ci ildə Azərbaycan iqtisadiyyatının 3,2 faiz artacağının gözlənilən olduğunu ekspertlər də təsdiqləyir.
Professor, iqtisadçı ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı son illər sürətlə inkişaf edir: “Ölkə Prezidentinin 2015-ci ilin sonlarında elan etdiyi post-neft dövründə iqtisadiyatın real sektorunun sürətli inkişafı yönündə bir çox mühüm addımlar atılır və atılmaqdadır. Bəllidir ki, Strateji Yol Xəritəsi qəbul edilib və artıq onun icrası vəziyyətini müəyyənləşdirən diaqnostika aparılıb. Nəticələr hədəflərə doğru işlərin normal getdiyini deməyə əsas verir. İqtisadiyyatın real sektorunda, xüsusilə də onun aparıcı sahələri olan qeyri-neft sənayesində və kənd təsərrüfatında inkişaf sürəti kifayət qədərdir. Digər sahələrdə də inkişaf sürəti az deyil. Lakin biz real sektorun bundan üstün sürətlə artmasına nail olmalıyıq. Başlıca hədəfimiz real sektorda hər il 10-12% artımı təmin etmək olmalıdır. Belə olduğu halda iqtisadiyyatın neftdən asılılığı az bir zaman kəsiyində optimaĺaşdırıla bilər”.
Həmsöhbətimiz hesab edir ki, 2022-ci ildə Azərbaycan iqtisadiyyatında artım qeyd olunan rəqəmlərdən iki dəfə çox olacaq.
Günel CƏLİLOVA