Fikrət Yusifov: “Gənclər bir araya gəlib, yerlərdə aqrar sektorda çalışan insanların problemlərini öyrənib, onu müvafiq qaydada aidiyyəti qurumlara çatdıra biləcəklərsə…”
Azərbaycanda Aqrar İnkişaf Könüllüləri Hərəkatı yaradılır. Hərəkatın yaradılmasında məqsəd aqrar sektorun inkişafına ictimai dəstək vermək, vətəndaşların və fermerlərin aqrar sahədəki problemlərini müəyyənləşdirmək, həll yollarını tapmaq, innovativ texnologiyaların tətbiqinə nail olmaq, gənc mütəxəssislərin aqrar sahəyə dair kreativ ideyalarını reallaşdırmaq, cəmiyyətin diqqətini aqrar sahəyə yönəltməkdir.
Hərəkat bir qrup gəncin təşəbbüsü ilə yaradılıb. Hərəkatın təşəbbüskarlarından Fidan Alıyeva, Rübabə Yusifova, Zöhrə Məmmədova, Sarvan Cəbrayılzadə, Atilla-Turan Bayramov, Etibar Muradlı və Valeh Əsədov ölkənin ali təhsil ocaqlarının tələbələrini və müxtəlif sahələrdə fəaliyyət göstərən gəncləri könüllülər hərəkatına cəlb etmək məqsədilə təqdimatlar keçirəcəklər.
Yeni yaradılan Aqrar İnkişaf Könüllülər Hərəkatı aqrar sahənin inkişafına necə təsir göstərəcək?
Professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, aqrar sektorun inkişafı məqsədilə Könüllülər Hərəkatının yaradılması müsbət təşəbbüsdür. Gənclər bir araya gəlib, yerlərdə aqrar sektorda çalışan insanların problemlərini öyrənib, onu müvafiq qaydada aidiyyəti qurumlara çatdıra biləcəklərsə, belə bir hərəkatın yaradılması sevindiricidir: “Həmçinin, Aqrar İnkişaf Könüllüləri Hərəkatının fermerlərə faydası olacaqsa, bu təşəbbüsü dəstəkləyirəm və gənclərə sağ olun deyirəm. Nəzərə almaq lazımdır ki, Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Aqrar ölkə olduğumuz üçün bölgələrdə heyvandarlıq və əkinçiliklə məşğul olanların sayı çoxdur. Aqrar sahə ilə məşğul olanların problemlərini Kənd Təsərrüfatı Nazirliyinin araşdırması fiziki cəhətdən mümkün deyil. Ancaq gənclərin potensialını nəzərə alsaq, onlar bu işin öhdəsindən layiqində gələrlər. Gənclər bir araya gəlib aqrar sahənin inkişafı ilə bağlı bizə kömək etmək istəyirlərsə, ümumi istehsalın artımına xidmət edəcəklərsə, belə bir hərəkatın yaradılması təqdirəlayiqdir”.
Günel CƏLİLOVA