Müslüm İbrahimov: “Enerji daşıyıcıları avadanlıqlarının istehsal edilməsinin ölkəmizə müsbət təsiri olacaq”
Xəbər verildiyi kimi, Azərbaycan xaricə daha müasir günəş enerjisi panelləri ixrac edəcək. Bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov media nümayəndələrinə açıqlamasında deyib.
O qeyd edib ki, köhnə tipli günəş enerjisi panellərinin dünya bazarına çıxarılmasının əhəmiyyəti yoxdur. Çünki onu alan olmayacaq: “Buna görə də məlum məsələ ilə bağlı irəliyə getmək və müasir günəş enerjisi batareyalarını xaricə ixrac etmək üçün biz yeni texnologiyaları mənimsəməli və istehsalatda tətbiq etməliyik. Yalnız bundan sonra yaxın ölkələrin, ümumiyyətlə, dünya bazarına çıxış imkanı əldə edə bilərik”.
C.Məlikovun sözlərinə görə, hazırda günəş enerjisi panellərinin modernləşdirilməsi məsələsi gündəlikdədir. Bu işin nə zaman yekunlaşacağı məlum deyil.
Maraqlıdır, günəş enerjisi panellərinin modernləşdirilməsi real olarsa, bunun xaricə ixracı nə dərəcədə əhəmiyyətli olacaq?
İqtisad elmlər doktoru Müslüm İbrahimov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, günəş enerjisi panellərinin xaricə ixrac olunmasının Azərbaycan üçün bir çox sahədə müsbət təsiri olacaq: “İlk olaraq bildirim ki, bununla Azərbaycanda yüksək texnologiyaların istehsalına başlanacaq. Beləliklə, ölkədə qeyd olunan sahə üzrə mütəxəssislər hazırlanacaq. Enerji daşıyıcıları avadanlıqlarının istehsal edilməsinin ölkəmizə müsbət təsiri olacaq. Günəş enerjisi batareyalarının xaricə ixrac olunması Azərbaycanın tək neft ölkəsi olmadığını göstərəcək, eyni zamanda ölkənin texnoloji statusunun dəyişilməsinə səbəb olacaq”.
Həmsöhbətimiz onu da vurğuladı ki, günəş enerjisi batareyalarını xaricə ixrac etmək potensialımızın olması arzuolunandır. Onu da nəzərə almaq lazımdır ki, bu sektor rəqabətqabiliyyətlidir: “Xaricə günəş enerjisi panellərinin ixrac olunması Azərbaycana daxil olacan investisiyaların həcmini artıracaq. Ümumiyyətlə, yüksək texnologiyaların ölkəmizdə qurulması, istehsalı, infrastrukturun formalaşması artıq bu bazarda tanınmış şirkətlərin Azərbaycana investisiyalar yatırmaq istəyinə səbəb olacaq”.
Günel CƏLİLOVA