Vüqar Bayramov: “Maliyyə Monitorinqi Xidmətinin məqsədi xüsusən “çirkli pulların yuyulması”nın qarşısını almaqdır”
Ruslan Atakişiyev: “… məqsəd ölkədə həyata keçirilən maliyyə əməliyyatları zamanı yarana biləcək şübhəli maliyyə axınlarının qarşısını almaqdır”
Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanla Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi və strukturu təsdiq edilir, işçilərin say həddi 55 ştat vahidi müəyyən edilir.
Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Qeyd edək ki, fərmana əsasən, Maliyyə Monitorinqi Xidmətinin yaradılmasında məqsəd cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tələblərə riayət olunması mexanizmini təkmilləşdirmək, nəzarət orqanının potensialını gücləndirmək, aidiyyəti dövlət orqanları və qurumlarının fəaliyyətinin əlaqələndirilməsində səmərəliliyi daha da artırmaqdır.
Yeni yaradılan Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti barədə danışan iqtisadçı-ekspert Vüqar Bayramov qeyd etdi ki, Maliyyə Monitorinqi Xidmətinin məqsədi xüsusən “çirkli pulların yuyulması”nın qarşısını almaqdır: “Daha dəqiq desək, dəyəri 20 mindən çox olan köçürmələr avtomatik olaraq xidmət tərəfindən monitorinq edilir və onların təyinatı, eyni zamanda, “çirkli pulların yuyulması”na xidmət edib-etməməsi müəyyənləşdirilir. Yeni publik-hüquqi şəxsin yaradılmasında da məqsəd odur ki, bu sahədə nəzarəti gücləndirmək, xüsusən “çirkli pulların yuyulması”na qarşı mübarizəni artırmaq mümkün olsun. Nəticə etibarilə Maliyyə Monitorinqi Xidmətinin statusunun genişləndirilməsi bu qurumun səlahiyyətlərinin artırılmasına gətirib çıxaracaq və xidmət daha böyük səlahiyyətlərə malik olacaq. Bu da onun nəzarət mexanizmlərinin təkmilləşməsinə imkan verəcək. O baxımdan, məqsəd nəzarətin gücləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir”.
İqtisadçı-ekspert Ruslan Atakişiyev qeyd etdi ki, Maliyyə Monitorinqi Xidmətinin yaradılmasında məqsəd ölkədə həyata keçirilən maliyyə əməliyyatları zamanı yarana biləcək şübhəli maliyyə axınlarının qarşısını almaqdır: “Xüsusən də cinayət yolu ilə əldə olunmuş maliyyənin, hər hansı terrorçunun maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin ötürülməsi kimi problemlərin aradan qaldırılmasında rolu olacaq. Xidmət terror və ya cinayət məqsədilə maliyyənin dövriyyələşməsinin qarşısını alacaq”.
Günel CƏLİLOVA