İyulun 16-da şəbəkələrdə Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunun sərnişin xəttində sərhədkeçmə prosesi zamanı müşahidə olunan sıxlığı əks etdirən videotəsvirlər yayımlanıb.
DGK Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsi bildirir ki, yay mövsümü ilə əlaqədar xaricə və eyni zamanda ölkəmizə səyahət edənlərin sayında ciddi artım müşahidə olunur. Xüsusilə iyulun 15-dən etibarən sutka ərzində “Sınıq Körpü” gömrük postunun idxal və ixrac sərnişin xətləri üzrə 12 minə qədər şəxs gömrük nəzarətindən keçib ki, bu da həmin gömrük postunun buraxılış potensialından dəfələrlə çoxdur.
Nəticədə günün bəzi saatlarında “Sınıq Körpü” gömrük postunun sərnişin keçid xəttində qısamüddətli sıxlıqlar müşahidə olunub. Lakin gömrük orqanları tərəfindən dərhal həyata keçirilən tədbirlər nəticəsində sıxlıq aradan qaldırılır və gömrük posru normal iş rejimində fəaliyyət göstərir.
Qeyd edək ki, yaranan sıxlıqlar sadəcə sərnişin keçid xəttlərində qeydə alınır, yük və minik nəqliyyat vasitələrinin keçidində hər hansı problem müşahidə olunmur.
Hazırda “Sınıq Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və avtomobillərin gömrük nəzarəti prosesində hər hansı problem yoxdur.
Bundan başqa, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Özbəkistan Respublikasından Bakı şəhərinə gələn yükə baxış keçirilib.
Avtomaşınla daxil olan və müvafiq gömrük bəyannaməsilə bəyan edilən yükə baxış zamanı, bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan olunmayan 20 ədəd “Shivaki Air Conditioner 18000 BTU/H” markalı kondisionerin hissələri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Baki-xeber.com