Əli Əlirzayev: “Vətəndaşlar xarici valyuta ilə deyil, daha çox manatla əmanət yatırmağa üstünlük verirlər”
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15 faiz artıb. 2018-ci ilin may ayında Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 7,87 milyard manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.
Qeyd olunur ki, ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 14,9 faiz, 2018-ci ilin əvvəli ilə müqayisədə isə 4,1 faiz artıb. Əmanətlərin böyük həcmi - 62,9 faizi və ya 4,95 milyard manatı xarici valyutadadır.
Hüquqi şəxslərin Azərbaycan banklarında əmanətləri 12,26 manat təşkil edib ki, bu da 2017-ci ilin may ayı ilə müqayisədə 16,9 faiz, ilin əvvəli ilə müqayisədə təxminən 6 faiz azdır.
Ümumilikdə, hesabat dövründə Azərbaycan banklarında hüquqi və fiziki şəxslərin əmanətlərinin həcmi 20,13 milyard manata bərabər olub. Bu, bu ilin əvvəli ilə müqayisədə 3,5 faiz azdır.
Ötən ilin analoji dövrü ilə müqayisədə əmanətlərin həcminin artması barədə fikir bildirən iqtisadçı-ekspert Əli Əlirzayev bizimlə söhbətində qeyd etdi ki, əsasən xarici valyuta ilə yerləşdirilən əmanətlərin həcmi artır. Əmanətçilər daha çox xarici valyuta ilə əmanət yatırmağa üstünlük verirlər: “Xarici valyuta ilə yerləşdirilən əmanətlərin həcminin artması xarici valyutaya daha çox üstünlük verilməsi ilə bağlıdır. Həmçinin, xarici valyuta ilə gəlir əldə edənlər əllərində həmin vəsaiti banka yatırmağa maraqlıdırlar”.
Həmsöhbətimizin sözlərinə görə, əmanətlərin həcminin 15 faiz artması əhalinin gəlirlərinin artması ilə bağlıdır. Əhalinin sosial durumu müsbətə doğru dəyişdikcə, banklara qoyulacaq əmanətlərin həcmi də artacaq.
İqtisadçı onu da vurğuladı ki, xarici valyuta ilə yanaşı, manatla yatırılan əmanətlərin həcmi də artır: “Nəzərə almaq lazımdır ki, bu gün banklar manatla yatırılan əmanətlərə daha çox faiz verir. Bu səbəbdən vətəndaşlar daha çox manatla əmanət yerləşdirməyə üstünlük verirlər”.
Günel CƏLİLOVA