İlqar Hüseynli: “Məşğulluq orqanlarının fəaliyyətinə ciddi nəzarət olunmalıdır”
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid verilmiş tapşırıqların icrası sahəsində görüləcək işlərə dair müşavirə keçirilib.
Müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir sıra məsələlərə toxunub. O cümlədən, qeyri-formal məşğulluğa qarşı ciddi tədbirlərin görülməsinin vacibliyi haqqında danışıb. Nazir Prezident İlham Əliyevin qeyri-formal məşğulluğa qarşı ciddi tədbirlərin görülməsi, burada həm inzibati, həm də institusional elementlərdən istifadə olunması, bağlanmış iş yerlərinin təhlilinin aparılması, hər il 6-7 min insanın özünüməşğulluq proqramına cəlb olunması ilə bağlı tapşırıqlar verdiyini diqqətə çatdırıb.
Məşğulluq orqanlarında görülən bəzi tədbirlərin formal xarakter daşıdığını ekspertlər də təsdiqlədilər.
Qeyri-formal məşğulluğa qarşı mübarəzinin aparılmasının vacibliyi barədə danışan sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, vergi ödəyicisi olmaq hər bir vətəndaşın vətəndaşlıq borcudur: “Ancaq qeyri-formal məşğulluqda çalışan insanların peşə imkanları o dərəcədə yüksək deyil. Bu tip insanların həmin məşğulluqdan əldə etdiyi gəlir yalnız onların ailə ehtiyaclarına yetir. Bu tip ailələr xüsusi risq qrupuna əlavə olunmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, məşğulluğun təminatında məşğulluq orqanlarının da rolu artmalıdır: “Nəzərə almaq lazımdır ki, əhalinin təbii artım tempi artır. Belə olan şəraitdə əmək bazarına daxil olan işçi qüvvəsi artır. Bu səbəbdən məşğulluq orqanlarının fəaliyyəti də bu dinamikaya uyğun qurulmalıdır.
Ekspert onu da vurğuladı ki, məşğulluq orqanlarının fəaliyyətinə ciddi nəzarət olunmalıdır: “Məşğulluq xidmətlərinin keyfiyyətinin artırılmasına ehtiyac var. Həmçinin, işsizlikdən sığorta təyinatı ilə bağlı vətəndaşların müraciətlərinə bərabər şəkildə baxılmalıdır”.
Günel CƏLİLOVA