Rəsul Cahangirli: “Ona görə də sahibkarlar bu məsələdə son dərəcə həssas olmalıdırlar”
“Hər bir sahibkar vergini tam ödəməlidir, vergilərdən başqa heç bir ödəniş olmamalıdır”. Bunu Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.
Ölkə başçısının sözlərinə görə, son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir: “Bu sahələr bir-birilə əlaqəlidir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel şəkildə aparılmalıdır. Sahibkarlar da, öz növbəsində, bu məsələlərə məsuliyyətlə yanaşmalıdırlar. Vergi ödəməkdən yayınma faktları dayandırılmalıdır. Bu həm kiçik, həm də iri sahibkarlığa aiddir. Qanun qarşısında hamı bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyinə tapşırıqlarım bundan ibarətdir. Heç kəs imtiyazlara malik deyil və ola bilməz. Hər bir sahibkar vergini tam ödəməlidir, vergilərdən başqa heç bir ödəniş olmamalıdır. Bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Belə hallar baş verərsə, dərhal Prezident Administrasiyasını və müvafiq qurumları məlumatlandırmaq lazımdır, çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətini davam etdirməli və tamamlamalıyıq”.
Dövlətin möhkəmlənməsini, güclənməsini şərtləndirən başlıca faktorlardan biri də vergilərin ödənilməsidir. Vergidən yayınma halları nə qədər minimum səviyyədə olsa, bu bir o qədər dövlətin maliyyə imkanlarını artıracaq və iqtisadi inkişafı stimullaşdıracaq. Ona görə də bu məsələdə hər bir sahibkar istisnasız olaraq üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirməlidir.
Sözügedən məsələni dəyərləndirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Prezidentin vergilərlə bağlı səsləndirdiyi fikirlər tamamilə əsaslıdır: “Reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində son illər vergi sistemində bir sıra mütərəqqi islahatlar həyata keçirilib. Həmin islahatlar müasir dövrün tələblərinə uyğun olaraq bu gün də davam etdirilir. Vergi qanunvericiliyi təkmilləşdirilir və s. Ancaq o da var ki, bütün bu görülən işlərə baxmayaraq, bəzi sahibkarlar onlara yaradılan imkanlardan sui-istifadə edərək müxtəlif vasitələrlə vergilərdən yayınırlar. Bu da, əlbəttə ki, yolverilməzdir. Kimin hansısa statusa malik olması həmin şəxsin vergidən yayınmasına əsas vermir. İnkişaf etmiş bir cox ölkələrin büdcəsi əsasən vergi daxilolmalari hesabına formalaşir. Bu baxımdan vergidən yayınma hallarına qarşı ciddi mübarizə aparılır. Azərbaycanda isə vergidən yayınma ilə bağlı problemlər qalmaqdadır. Vergi orqanları inzibatçılığı təkmilləşdirərək sahibkarlarla münasibətləri partnyorluq müstəvisində qurmağa çalışırlar. Getdikcə sərt inzibati metodların əvəzinə, vergi mədəniyyətini və könüllü ödəmə vərdişlərini təlqin edən üsullara daha çox üstünlük verilir. Sahibkarlıqla məşğul olan bəzi işbazların qanunsuz gəlir əldə etmək, büdcəyə ödənilməli vergiləri yayındırmaq və dövlətə maddi ziyan vurmaq və digər əməllərinə heç bir halda göz yummaq, laqeyd yanaşmaq mümkün deyil. Ona görə də sahibkarlar bu məsələdə son dərəcə həssas olmalıdırlar”.
Vidadi ORDAHALLI