Vüqar Bayramov: “Özəl pensiya fonduna inamın olması üçün fonda yığılacaq vəsaitin…”
Məlum olduğu kimi, Azərbaycanda özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media nümayəndələrinə açıqlamasında deyib. O bildirib ki, bunun üçün heç bir məhdudiyyət yoxdur: “Bu, kompleks məsələdir və onu qısamüddətli təhlillə həll etmək mümkün deyil. Bu prosesi dəqiqliklə təhlil etmək lazımdır ki, bu da çox vaxt tələb edir”.
Nazir qeyd edib ki, Azərbaycan özəl pensiya fəaliyyətinin inkişafında maraqlıdır və bununla bağlı özəl sektorun təkliflərini dinləməyə hazırdır: “Özəl pensiya fondlarının yaradılması və onların inkişafı, öz növbəsində, özəl sektorun inkişafını dəstəkləyəcək. Bu gün Azərbaycanda həyatın yığım sığortası qüvvədədir ki, bunu özəl pensiya fondlarına alternativ kimi qəbul etmək olar”.
Qeyd edək ki, özəl pensiya fondları Qərb ölkələrində geniş yayılmış təcrübədir. Pensiya təminatını yaxşılaşdırmaq üçün vətəndaşlar paralel olaraq özəl pensiya fondlarına pul köçürürlər. Bununla da gələcəkdə həm dövlətdən, həm də özəl pensiya fondlarından təqaüd almaq imkanı əldə edirlər.
Özəl pensiya fondlarının yaradılmasının bu sahəyə necə təsir edəcəyini öyrənmək məqsədilə iqtisadçı- ekspert Vüqar Bayramova müraciət etdik. V.Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, özəl pensiya fondlarının yaradılması vətəndaşlara təqaüd ödənişlərini seçim etmək baxımından vacibdir: “Vətəndaş sosial öhdəlikləri yerinə yetirir. Ancaq elə şəxslər var ki, onların gəlirləri özəl pensiya fondlarına ödəniş etmək imkanı verir. Bu baxımdan özəl pensiya fondlarının yaradılması vacibdir. Özəl pensiya fondu ideyası beynəlxalq təcrübəyə əsasən həyata keçirilir. Məlumdur ki, dünyanın əksər ölkələrində özəl pensiya fondları fəaliyyət göstərir. Bu, əhalinin yalnız dövlət pensiya fondlarına deyil, həm də özəl sosial müdafiə fondlarına ödəniş etmələrinə imkan verir.
Burada vətəndaş könüllü şəkildə seçim edir. Bununla da vətəndaş vəsaitin bir hissəsini özəl pensiya fondlarına ödəməklə gələcəkdə daha yaxşı pensiya təminatına nail olacaq. Yəni pensiya yaşı tamam olduqda həm dövlət pensiya fondundan, həm də özəl pensiya fondundan pensiya əldə edəcək. Bu, insanlara gənc yaşında belə yaşlılıq dövrü üçün sosial təminatını təmin etməyə imkan verən sistemdir. Bunun dövlət üçün də əhəmiyyəti var”.
Həmsöhbətimizin sözlərinə görə, qeyd olunan pensiya fondlarının yaradılmasının müsbət tərəflərindən biri odur ki, fonddan faydalanan vətəndaşın təqaüd yaşı tamam olanda daha çox pensiya ala biləcək.
V.Bayramov onu da vurğuladı ki, özəl pensiya fondlarının yaradılması investisiyaların cəlb olunması baxımından vacibdir: “Fond vətəndaşlardan könüllü şəkildə yığım edir. Həmin yığımlardan iqtisadiyyatın fərqli strukturlarına yönəldilir.
Özəl pensiya fonduna inamın olması üçün fonda yığılacaq vəsaitin Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığorta olunması məsləhətdir. Belə olarsa, vətəndaşlar öz vəsaitini pensiya fonduna etibar edərlər”.
Günel CƏLİLOVA