Müslüm İbrahimov: “Özünüməşğulluq proqramının icra olunması regionlarda işsizlik məsələsinin həll olunmasında müstəsna rol oynayır”
Bu il Azərbaycanda özünüməşğulluq proqramı daha da böyük həcmdə icra ediləcək. Bu barədə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bildirib.
“Bu proqramı biz, demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 mln. manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Bu həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür. Çünki bu gün hələ də ağır vəziyyətdə yaşayan, dövlətdən sosial yardım alan vətəndaşlar özləri pul qazanacaqlar, öz ailələrini halal zəhmətləri ilə dolandıracaqlar və öz həyatlarını quracaqlar. Dövlət isə öz dəstəyini göstərəcək, lazım olan texnikanı, vasitələri pulsuz verəcək ki, onlar öz işlərini qura bilsinlər. Əgər biz hər il 6-7 min ailə üçün belə şərait yaratsaq, onda sosial yardıma heç kimin ehtiyacı olmayacaq”, - deyə o qeyd edib.
Özünüməşğulluq proqramına 6-7 min ailənin cəlb olunmasının əhəmiyyəti barədə danışan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri doktoru Müslüm İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı çərçivəsində ilk növbədə kiçik və orta sahibkarlığın inkişafı gündəmdədir. O da bəllidir ki, bu istiqamətdə ABAD təşkilatı yaradılıb: “Burada ilk olaraq ailə biznesinin inkişaf etdirilməsi, məsləhət və yardım olunması kimi məsələlər öz həllinin tapıb. Ailə biznesinin qurulması ilə bağlı bütün rasional məsələlər artıq öz əksini tapıb. Özünüməşğulluq proqramına tövsiyələrin verilməsi və maliyyə məsələləri daxildir”.
Həmsöhbətimizin sözlərinə görə, regionlarda işsizlik probleminin həll olunması çox böyük bir məsələdir: “Hansısa regionda işsizlik səviyyəsi yüksəkdirsə, təbii ki, həmin ərazi digər bölgələrə nisbətən depressiv inkişaf edəcək. Bu da, ümumilikdə, Azərbaycanın regional iqtisadiyyatına təsir edəcək. Bu səbəbdən də özünüməşğulluq proqramının icra olunması regionlarda işsizlik məsələsinin həll olunmasında müstəsna rol oynayır”.
Günel CƏLİLOVA