İlqar Hüseynli: “Bunun sayəsində rayonların iqtisadi inkişafı sürətlənəcək, məşğulluğun səviyyəsi yüksələcək”
“Yerli icra orqanlarının sərmayə cəlb etmək vaxtı gəlib çatıb”. Bunu “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib.
Onun sözlərinə görə, yerli icra orqanları bu işdə fəal olmalıdırlar: “Bu gün bölgələrə sərmayə qoyan daha çox yerli iş adamlarıdır. Əlbəttə, burada, təbii ki, iqlim amili də var. İndi hansısa məhsulu yetişdirmək üçün müəyyən bir regionda sərmayə qoyulmalıdır. Eyni zamanda, rayonlarda yaşanan mühit, mövcud olan ab-hava, investisiya iqlimi də rol oynayır. Ona görə yerli icra orqanları bu işlərdə daha fəal olmalıdırlar. Onlar iş adamlarını cəlb etməlidirlər ki, gəlib sərmayə qoysunlar. Ancaq iş adamı sərmayə yatırmaq istəyəndə bəzi hallarda onların qabağına müəyyən şərtlər qoyurlar. Düzdür, belə hallar azalıb, amma hələ də var. Ona görə yerli icra orqanları sərmayəni cəlb etməlidirlər”
Dövlət başçısı onu da bildirib ki, kiçik, ucqar rayonlara qoyulan sərmayə böyük rayonlara qoyulan sərmayə ilə müqayisə edilə bilməz: “Burada biz vahid bir qrafik əsasında təhlil apara bilmərik. Ancaq, eyni zamanda, hər bir rayonda özəl sərmayəni cəlb etmək, sahibkarlara şərait yaratmaq üçün yerli icra orqanları, onların rəhbərləri fəal işləməlidirlər”.
Maraqlıdır, ekspertlər bunu necə dəyərləndirir və məsələ ilə bağlı nə təklif edirlər? Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərinə görə, yerli icra orqanları bununla bağlı sərmayədarlara şərait yaratmalıdırlar: “Düzdür, investorlar tərəfindən sərmayə cəlb olunması məsələsi daha çox iqtisadi artım məsələsindən asılı olur. Sərmayədarlar daha çox bu amillərə əhəmiyyət verirlər. Yəni daha çox insanın minimum istehlak səbətinin hansı səviyyədə olmasına diqqət edirlər. O cümlədən, digər indikatorları nəzərə alırlar. Yerli icra qurumlarının bu məsələdə iştirakı əsasən texniki formada özünü göstərə bilər. Bu və digər məsələlərlə bağlı onlar rayonlara sərmayədarların gəlməsi üçün hərtərəfli şərait yarada bilərlər. Həmçinin, prosedurları asanlaşdıra bilərlər. Təbii ki, bununla bağlı digər işlərin də görülməsi mümkündür. Bir sıra əlverişli sahələri investorlara təklif etmək olar. Nəzərə almaq lazımdır ki, rayonlarda əlverişli sərmayə mühitinin yaradılması yerli icra orqanlarından çox asılıdır. Onlar elə bir şərait yaratmalıdırlar ki, həm yerli, həm də xarici sərmayədarlar rayonlara investisiya qoymaqda maraqlı olsunlar. Təkcə texniki məsələlərin həll edilməsi yetərli deyil. Bu işdə digər məqamlar da nəzərə alınmalıdır. Hüquqi prosedurları mümkün qədər tez həyata keçirməklə sərmayədarları cəlb edə bilərlər. Bu baxımdan yerli icra orqanlarının üzərinə böyük məsuliyyət düşür. Bütün bunların kompleks şəkildə həll olunması, istər-istəməz, rayonlara daha çox investisiyanın cəlb olunmasına gətirib çıxaracaq. Bunun sayəsində rayonların iqtisadi inkişafı sürətlənəcək, məşğulluğun səviyyəsi yüksələcək. Bu da, öz növbəsində, rayon əhalisinin sosial durumunun yaxşılaşmasına öz müsbət təsirini göstərəcək”.
Vidadi ORDAHALLI