Vüqar Bayramov: “Bu kimi kredit reytinqləri ölkə iqtisadiyyatına xarici sərmayənin cəlb olunmasında yetərincə ciddi rol oynayır”
Xəbər verildiyi kimi, “Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycan dövlət büdcəsinin profisitlə icra olunacağını proqnozlaşdırır. Bu barədə “Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin hesabatında deyilir. Hesabatda qeyd olunur: “Biz cari ildə dövlətin büdcə mövqeyinin 2014-cü ildən etibarən ilk dəfə müsbət saldoya qayıdacağını proqnozlaşdırırıq”.
Agentlik Azərbaycan dövlət büdcəsinin 2018-ci ildə ÜDM-in 1,5 faizi həcmində, 2019-cu il - 0,6 faiz, 2020-ci il - 1,1 faiz, 2021-ci ildə isə 1,7 faizi həcmində profisitini proqnozlaşdırır. Bununla yanaşı, agentliyin proqnozuna görə, növbəti 4 ildə Azərbaycanın ümumdaxili məhsulunun artımı orta hesabla 3,3 faiz təşkil edəcək: “Biz Azərbaycan dövlət büdcəsinin orta illik profisitinin növbəti 4 ildə ÜDM-in 1,1 faizi həcmində olacağını proqnozlaşdırırıq”.
Agentlik Azərbaycanın xarici və yerli valyutada qısa və uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib.
Hesabatda xarici valyuta ehtiyatlarının artması, büdcənin profisitlə icra olunacağının proqnozlaşdırılması və ölkənin iqtisadi inkişaf göstəricilərində gözlənilən artım reytinq üzrə proqnozun yaxşılaşdırılmasına əsas səbəblər kimi göstərilib.
Ümumilikdə, Azərbaycanın dövlət büdcəsinin 4 il kəsirsiz icra olunacağı ilə bağlı proqnozu ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bunu müsbət prizmadan yanaşdı. Onun fikrincə, dövlət büdcəsinin kəsirsiz icra olunmasını şərtləndirən bir sıra iqtisadi faktorlar var: “Dövlət büdcəsi ilə bağlı nikbin proqnozların verilməsi təqdirəlayiq haldır. Nəticə etibarilə neftin mövcud qiymətləri çərçivəsində büdcə gəlirlərinin artacağı proqnozlaşdırılır. Nəzərə almaq lazımdır ki, neftin qiyməti büdcədə 45 dollar nəzərdə tutulub. Hazırda neftin qiyməti 70 dollardan bahadır. Bütün bunlar neft satışından əldə olunan gəlirlərin artmasına və büdcəyə daxilolmaların həcminin yüksəlməsinə imkan yaradır. Eyni zamanda, qeyri-neft sektorundan daxilolmaların artması bütün bunlara öz müsbət təsirini göstərir. Çünki 2018-ci ildə büdcə xərcləri 2 milyard manata yaxın artacaq ki, bu da inşaat sektoru da daxil olmaqla bir sıra sahələrin maliyyələşdirilməsinə gətirib çıxaracaq. Bu da nəticə etibarilə büdcəyə daxilolmaların artmasına təsir göstərəcək. Bu il qeyri-neft sektorunda artımlar proqnozlaşdırılır. Ona görə də dövlət büdcəsi ilə bağlı nikbin proqnozların verilməsi müsbət haldır. Bu həm də Azərbaycanın gələcək kredit reytinqinə və eyni zamanda ölkənin digər hesabatlarda mövqeyinə müsbət təsir göstərəcək. O cümlədən, ölkəyə cəlb edilən xarici investisiyanın həcminə müsbət təsir edəcək. Çünki bu kimi kredit reytinqləri ölkə iqtisadiyyatına xarici sərmayənin cəlb olunmasında yetərincə mühüm rol oynayır. O baxımdan dünyada nüfuzlu reytinq agentliyi tərəfindən Azərbaycanla bağlı belə proqnozların verilməsi iqtisadiyyatın bir neçə sahəsinin inkişafına müsbət təsir göstərəcək. Yəni dünya miqyasında Azərbaycan iqtisadiyyatına olan inam və etimadı daha da artıracaq. Bu da, öz növbəsində, iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək”.
Vidadi ORDAHALLI