Qadir Bayramlı: “Belə bir layihə gerçək olarsa, ölkədə gübrə və texniki vasitələrin təminatı sahəsində problem yaşanmaz”
Ərəb investorları Azərbaycanda onlara əkin sahələrinin ayrılmasını istəyirlər. Bu təkliflə Bakıda keçirilən Azərbaycan-KƏŞ ölkələrinin biznes-forumunda çıxış edən KƏŞ Ticarət Palatalar Federasiyasının baş katibi Əbdülrahim Həsən Nəqi çıxış edib.
Baş katib KƏŞ ölkələrinin iş adamları üçün kənd təsərrüfatı sahəsində əkinə yararlı torpaqların ayrılmasını təklif edib: "Çox istərdik Körfəz məhsullarına tətbiq edilən gömrük rüsumları da azaldılsın. Hazırda bu göstərici 200 %-ə çatır. Habelə KƏŞ vətəndaşları üçün nəzərdə tutulan 20 dollarlıq viza rüsumun ləğv edilərək, biletin ümumi dəyərinə əlavə olunmasını istərdik. Bundan başqa, Azərbaycanda maliyyə kreditlərinin əldə olunmasını asanlaşdırmağı, ikiqat vergitutmanın həcminin azaldılmasını da təkliflərim sırasında qeyd etmək istərdim. Düşünürəm ki, Azərbaycan və KƏŞ ölkələri investisiya fondu yaradıla bilər. Öz növbəsində, Azərbaycan iş adamlarının da KƏŞ ölkələrinin bazarından istifadə etmək üçün geniş imkanları mövcuddur".
Ərəb investorlara əkin sahələrinin ayrılması barədə fikir bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, aqrar sahə üzrə ekspert Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müəyyən ərazilərə ərəblər tərəfindən sərmayənin yatırılması səmərəli şəkildə istifadə olunmalıdır. Sərmayədən doğru şəkildə istifadə olunarsa, ölkədə məhsuldarlığın artmasının və bu sahədə problemlərin həll olunmasının şahidi olarıq: “Belə bir layihə gerçək olarsa, ölkədə gübrə və texniki vasitələrin təminatı sahəsində problem yaşanmaz”.
Həmsöhbətimizin fikrincə, xarici sərmayənin ölkəyə daxil olması yeni innovasiyaların Azərbaycana gəlməsinə kömək edə bilər: “Xüsusi olaraq vurğulayım ki, bütün bu proseslər Azərbaycan dövlətinin ciddi nəzarəti altında həyata keçirilməlidir. Onu da qeyd etmək lazımdır ki, ərəblərə ayrılan torpaq sahəsi onlara müəyyən müddətlik müqavilə əsasında verilməlidir”.
Günel CƏLİLOVA