Rəsul Cahangirli: “Azərbaycanda iqtisadiyyatın real sektorunun inkişaf etdirilməsi ilə bağlı hərtərəfli işlər görülür”
Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb. Belə ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat, xərcləri isə 20 milyard 905,7 milyon manat təşkil edəcək. Bu barədə gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsində qeyd olunub. 2018-ci ildə büdcənin kəsiri isə 778,7 milyon manat olacaq.
Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar səviyyəsində götürüləcək. Sənəddə deyilir ki, gələn il dünya bazarında neftin 1 barrelinin qiymətinin 50 dollar ətrafında dəyişəcəyi proqnozlaşdırılır. Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5 faiz və yaxud 5 dollar çoxdur.
O da məlumdur ki, 2014-cü ilin ortalarından dünya bazarında neftin qiyməti kəskin şəkildə ucuzlaşmağa başladı. Bu, büdcə gəlirləri əsasən neft ixracı hesabına formalaşan bir sıra ölkələrin iqtisadiyyatlarına öz təsirini göstərdi. Ancaq Azərbaycanda aparılan məqsədyönlü siyasət, kompleks islahatlar, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən işlər ölkədə bu istiqamətdə vəziyyətin müsbətə doğru dəyişməsinə öz təsirini göstərir. Nəzərə almaq lazımdır ki, ötən 4 il ərzində dünya bazarında neftin qiymətində ciddi dəyişiklik baş verməyib. Faktiki olaraq bu müddət ərzində neftin 1 barrelinin qiyməti 60 dolları keçməyib. Əsasən bu il ərzində qiymət 50 dollar ətrafında dəyişib. Bütün bunlara rəğmən, gələn il Azəbaycanın dövlət büdcəsi indikindən çox olacaq və bu, artan xətt üzrə inkişaf edəcək. Yaranan belə əlverişli vəziyyəti sözügedən islahatların nəticəsi kimi dəyərləndirmək olarmı?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Azərbaycanda aparılan islahatlar neftdən asılılığın azaldılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə hesablanıb: “Bunun nəticəsidir ki, büdcənin həcmi artırılıb, ölkədə qeyri-neft sektoru ilbəil inkişaf edir və iqtisadiyyatda çəkisi artır. Düzdür, çox istərdik ki, qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi daha böyük olsun. Ancaq nəzərə almaq lazımdır ki, bunun üçün zaman lazımdır. Birdən-birə buna nail olmaq mümkün deyil. Həyata keçirilən islahatlar, görülən işlər də buna hədəflənib. Proqnozlara görə, gələn il ümumdaxili məhsulun real ifadədə artımı 1,5 faiz olmaqla 69,4 milyard manat təşkil edəcək. Bu kifayət qədər ciddi rəqəmdir və hesab edirəm ki, reallığa uyğundur. Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,9 faiz artaraq 47,6 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83 faiz həcmində nəzərdə tutulur. Eyni zamanda, 2018-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,9 milyard manat proqnozlaşdırılır ki, bunun da 51,5 faizi daxili investisiyaların, 48,5 faizi isə xarici investisiyaların payına düşür. Ümumi investisiyaların 9,5 milyard manatının qeyri-neft sektoruna, 6,4 milyard manatının isə neft sektoruna yönəldilməsi nəzərdə tutulur. 2018-ci ildə qeyri-dövlət investisiyalarının həcmi 9,1 milyard manat olmaqla, ümumi investisiyaların 57,2 faizini, dövlət investisiyalarının həcmi 6,8 milyard manat olmaqla, ümumi investisiyaların 42,8 faizini təşkil edəcəyi proqnoz edilir. Növbəti ildə orta aylıq əməkhaqqının ötən illə müqayisədə real ifadədə 0,5 faiz artaraq 549,7 manat olacağı proqnozlaşdırılır. Göründüyü kimi, Azərbaycanda iqtisadiyyatın real sektorunun inkişaf etdirilməsi ilə bağlı hərtərəfli işlər görülür. Onu da nəzərə almaq lazımdır ki, gələn il Azərbaycanda iqtisadi artımın olacağını bir sıra nüfuzlu maliyyə qurumları da proqnozlaşdırır.Ondan sonrakı illərdə bu artım daha böyük rəqəmlərlə ölçüləcək”.
Vidadi ORDAHALLI