Ölkə iqtisadiyyatının, xüsusən də qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərin miqyasının genişlənməsi bu istiqamət üzrə Azərbaycanın gəlirlərinin artması ilə müşayiət edilir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, cari ilin ilk 5 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac ötən ilin analoji dövrü ilə müqayisədə 50 faizə yaxın artıb. İl ərzində bu göstəricinin daha da yüksəlməsi gözlənir. Digər tərəfdən qeyri-neft sektorunda artım məşğulluq səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxaracaq.
Ekspertlər hesab edir ki, qeyd olunan istiqamətdə azad iqtisadi zonaların yaradılması ilə daha çox nailiyyətlər əldə ediləcək. Xatırladaq ki, bu günlərdə Prezident İlham Əliyev Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın əsas məqsədi iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasıdır. Məsələyə Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxışı zamanı iqtisadiyyat naziri Şahin Mustafayev də toxunub. Onun sözlərinə görə, bu istiqamətdə işlər davam edir: "Artıq "Azad iqtisadi zonalar haqqında" qanun layihəsi, texniki iqtisadi əsaslandırma, baş plan hazırdır. Prezident İlham Əliyev tərəfindən sənədlərin ekspertizası ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiya qanunun yekun variantını ölkə başçısına təqdim etməlidir. Bu işlər qısa müddətdə başa çatacaq və sahibkarlar bu imkanlardan yararlana biləcək. Azərbaycanın tranzit imkanları ölkənin gəlirlərinin artmasında böyük rol oynayacaq".
Baş verənləri şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirir ki, azad iqtisadi zonalar haqqında qanunu parlament çoxdan qəbul edib: "Azad iqtisadi zonaların yaradılması Azərbaycan üçün çox önəmlidir. Bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək. "Qonşu İranda 10-dan çox azad iqtisadi zona fəaliyyət göstərir. Bu iqtisadi zonalar ona görə vacibdir ki, orada güzəştlər tətbiq edilir". Digər ekspertlər də vurğulayır ki, azad iqtisadi zonaların yaradılması ölkə üçün böyük əhəmiyyət kəsb edəcək. Digər tərəfdən, investisiyaların cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulub. Amma ən əsası odur ki, sözügedən zona digər sektorlarda aktivliyin artmasına münbit şərait yaratmış olacaq. Belə ki, investisiyalar həyata keçirildikdən sonra yerli xammala ehtiyac yaranacaq. Elə bu da digər istehsal sahələrinin inkişafına ciddi təkan verəcək. Azad iqtisadi zonalar, həmçinin, ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına geniş imkan yaradacaq. Bu da, sözsüz ki, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması və yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Sözügedən zona ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük müsbət təsir göstərəcək.
Başqa bir önəmli məqam odur ki, azad iqtisadi zonanın yaradılması ilə Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını daha da genişləndirə biləcək. Artıq bilindiyi kimi, "Şimal-Cənub", "Şərq-Qərb" dəhlizlərinin həyata keçməsi Azərbaycanın tranzit imkanlarını daha da artıracaq. Bundan başqa, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Qurbanov bildirir ki, Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın iştirakı ilə Cənub və Qərb arasında yeni logistik dəhliz yaradıla bilər. Onun sözlərinə görə, Polşanın daxilində, Slavkov deyilən ərazidə bizim ölçülərə uyğun, yəni 1520 ölçüdə 400 kilometr uzunluqda dəmir yolu xətti var. Bu da Avropa ölkələrindən yüklərin Azərbaycandan keçməklə Hindistan, Pakistan, İran və digər ölkələrə daşınmasında mühüm rol oynaya bilər. İlkin hesablamalara görə, bu yolun üzərində 72 milyon tona yaxın yük var: "Biz bunun bir hissəsini götürə bilərik. Pul vahidi ilə ifadə etsək, Hindistanla Polşa arasındakı dövriyyə təqribən 3 milyard dollara yaxındır. İranla Ukrayna arasında isə bu, təqribən 500-600 milyon dollar civarındadır. Bu vaxtadək sözügedən məsələ ilə heç kim məşğul olmayıb. Azərbaycanın təbii-coğrafi mövqeyi bununla məşğul olmağa, yeni logistik məhsul ortaya qoymağa imkan yaradır. Bu yol həm də yaxın və təhlükəsizdir". Beləliklə, tranzit yükdaşımaların artması, onların azad iqtisadi zonalarla dəstəklənməsi qeyri-neft sektoru üzrə ölkənin gəlirlərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxaracaq.
Tahir TAĞIYEV