İldırım Qurbanov: "Vəziyyət belə davam edərsə, bu, gələcəkdə dövlət üçün problem yarada bilər"
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bir qrup bankların və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirilib. Palatadan verilən məlumata görə, görüşdə bəzi bankların qanunvericiliyə müvafiq olaraq tələb olunan müddətdə maliyyə hesabatlarını açıqlamamasının səbəbləri və bunların aradan qaldırılması yolları müzakirə edilib.
"Banklar haqqında" Qanunun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidir. Banklar hesabatların açıqlanmasında gecikmələrin əsasən auditorlarla olan fikir ayrılığı, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların auditinə dair tələbləri ciddiləşdirməsi ilə bağlı olduğunu qeyd edib.
Buna baxmayaraq, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi bir daha vurğulanmaqla, banklar tərəfindən 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarının dərc olunmasına dair öhdəlik müəyyən olunub. MBNP bankların kənar audit hesabatlarının açıqlanmasını xüsusi olaraq diqqətdə saxlayacaq.
Bütövlükdə, bankların maliyyə hesabatlarını gecikdirməsi hansı fəsadlar törədə bilər? Məsələyə münasibət bildirən iqtisadçı-ekspert İldırım Qurbanovun sözlərinə görə, hesabatların verilməsi gecikməkdə davam etsə, o zaman bankların dayanıqlığı məsələsi şübhə altına düşə bilər: "Məlum olduğu kimi, bankların sağlamlaşdırılması prosesi gedir. Bu tədbirlər çərçivəsində ölkədə fəaliyyət göstərən 43 bankdan 13-ü bağlandı. Bir sıra kredit təşkilatları və onların filialları bağlandı. Məlumata görə, son iki ildə 5 minə yaxın ixtisaslı kadr bank sektorunda ixtisara salınıb. Aparılan sağlamlaşdırma prosesində məqsəd odur ki, dayanıqlığı olan banklar fəaliyyət göstərsin. Maliyyə imkanları daha yaxşı olan banklar fəaliyyət göstərməlidir ki, gələcəkdə sahibkarlıq fəaliyyətinə normal şəkildə dəstək verə bilsin. Yəni iqtisadiyyatın real sektoruna dayaq olsunlar. Digər tərəfdən, əhalidən cəlb etdikləri depozitləri vaxtında qaytarsınlar. Görünən odur ki, bəzi bankların iqtisadi fəaliyyəti normal olmadığına görə hesabatları gecikdirir. Maliyyə mənbəyi axtarır, investisiya cəlb etmək istəyir ki, hesabat versin. Yəni hesabatda göstərsin ki, vəsaiti bu qədərdir və fəaliyyət göstərə bilər. Hesabatların verilməsi yubanmaqda davam etsə, bankların dayanıqlığı məsələsi şübhə altına düşəcək. Bu da gələcəkdə dövlət üçün problem yarada bilər".
Vidadi ORDAHALLI