Azərbaycan Avropa şirkətlərini ölkənin qeyri-neft sektorunun inkişafına investisiya qoymağa çağırıb. Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumu zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, Azərbaycan və Aİ sənaye, nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, təhsil və səhiyyə sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.
Nazir qeyd edib ki, energetika sahəsində əməkdaşlıq öz perspektivliyini saxlayır.
Avropa İttifaqının Azərbaycana birbaşa investisiyalarının həcmi 7 milyard avro təşkil edir. Bunu isə Avropa Komissiyasının Aİ-nin genişlənməsi barədə danışıqlar və qonşuluq siyasəti üzrə Baş direktorluğunun Şərq tərəfdaşlığı departamentinin direktoru Lourens Meredit deyib.
Onun sözlərinə görə, Aİ Azərbaycan iqtisadiyyatına investisiya qoyan ən böyük investordur: “Bu məbləğin 2,5 milyard avrodan çoxu Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna yönəldilib”.