“Sağlam, dayanıqlı və effektiv maliyyə-bank sektorunun yaradılması üçün strategiyamız davam edir”. “APA-Economics” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bank forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ilk növbədə bank sektorunun dayanıqlılığının təmin edilməsi üçün restrukturizasiya proseslərinin qısa müddətdə tamamlanması və sektorun kapitallaşdırılması prosesinə nöqtə qoyulması hədəflənib.
"Bu prosesləri ilin sonu, növbəti ilin ilk ayları ərzində tamamlamağı planlaşdırırıq. Hal-hazırda sağlamlaşdırma prosesində olan sistem əhəmiyyətli yeganə bank olan "Azərbaycan Beynəlxalq Bankı"nın 2017-ci ildən özəlləşdirilməyə hazırlanması prosesinin başa çatdırılmasına hədəflənmişik. Dövlət bankı olduğundan Maliyyə Nazirliyi ilə intensiv danışıqlar aparırıq. Hədəfimiz bankın idarəolunan ölçüyə gətirilərək 2017-ci ilin əvvəllərində özəlləşdirilməyə açıq elan edilməsidir. Biz özəl və ya dövlət, yerli və ya xarici investor olmağından asılı olmayaraq sektorun 40%-nə malik olan bankın bazarda qalmasını dayanıqlılığa çox ciddi təhdid hesab edirik. Bu bankı kimin özəlləşdirməsindən asılı olmayaraq bu bank sektoru üçün təhdid yaratmayacaq ölçüyə gəlməlidir. Bu barədə bizim həm hökumətlə, həm də bank menecmenti ilə konsensusumuz var və bu istiqamətdə müvafiq işlər aparılır", - deyə R. Aslanlı bildirib.
R.Aslanlı Əmanətlərin Sığortalanması Fondunu kapitallaşdırmaq üçün yollar axtardıqlarını deyib. Onun sözlərinə görə, bu gün 11 bank üzrə Fond tərəfindən 710 milyon manat məbləğində vəsait ödənilib. "Hazırda təxminən 45 mln. manata qədər vəsait ödənişini gözləyir. Bu ödəniş 130 min əmanətçiyə ödənilməlidir. Fondun bu öhdəliyi yerinə yetirmək üçün bu gün kifayət qədər likvid vəsaitləri var. Dövlət zəmanəti ilə Fonda kredit verilib. Lakin bu kreditlər Fond və ümumilikdə bank industriyasının hökumət və Mərkəzi Bank qarşısında öhdəliyidir. Bu öhdəliyi qaytarmaq üçün bank industriyası uzun müddət ərzində çalışmalıdır", - deyə R. Aslanlı qeyd edib.
R. Aslanlı bildirib ki, Fond kifayət qədər kapitallaşdırıldıqdan sonra restrukturizasiya prosesi tamamlanmış bank sektoruna və əhaliyə dəqiq siqnal verilməlidir: "Bu siqnalla bildirməliyik ki, biz əmanətlərin sığortalanması sistemini kapitallaşdırmışıq və Fond öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər maliyyə dayanıqlığına malikdir. Bundan sonra dövlət bu proseslərdön kənara çəkilməlidir".