Kaliforniya ştatı ABŞ-dan ayrılmaq üçün ilk addımı atıb. Baki-xeber.com xəbər verir ki, “Yes California!” hərəkatı əyalətin ölkədən ayrılması mövzusunda referendumun keçirilməsi üçün yerli orqanlara müraciət edib.
“Los Angeles Times” qəzeti yazır ki, "Yes California!” əyalət baş prokurorluğuna “Calexit: Kaliforniya müstəqillik referendumu 2019” adlı referendum təklif edib. Kaliforniya və ingiliscə çıxış mənasını verən “Exit” sözlərinin birləşdirilməsi ilə yaradılan “Calexit” sözü, İngiltərənin AB-dən ayrılması üçün keçirilən və qəbul edilən “Brexit” adlı referenduma uyğunlaşdırılıb.
Bundan əvvəl “Yes California!” hərəkatının lideri Louis Marinelli əyalətin ABŞ-dan ayrılması üçün referendum keçirilməsini planlaşdırdıqlarını demişdi. Hərəkatın qurucularından Markus Ruiz Evans bu addımı atmalarının səbəbi kimi Donald Trampın prezident seçilməsi göstərib.
“Yes California!” hərəkatı, əyalətin iqtisadiyyat, miqrasiya, ekologiya və təhsil kimi sahələrdə maraqlarına ABŞ-ın zərər verdiyini və müstəqil olmalarının daha yaxşı olacağı fikrindədir.
Son seçkilərdə Kaliforniyadakı seçicilərin əksəriyyəti Trampın demokrat rəqibi Hillari Klintonu dəstəkləmişdi.