2016-cı ilin I yarısının sonuna olan məlumata əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcdan 4,4 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2016-cı ilin I yarısı üzrə pul siyasəti icmalında deyilir.
Sözügedən icmalda qeyd olunur ki, valyuta ehtiyatları ümumilikdə ölkənin xarici borcunu bir neçə dəfə üstələyir: «2016-cı il iyun ayının sonuna olan məlumata görə, 38,3 mlrd. dollar həcmində strateji valyuta ehtiyatları respublikaya 32 ay ərzində mal və xidmət idxalını ödəməyə imkan verir. Ümumilikdə valyuta ehtiyatları Azərbaycanın xarici dövlət borcunu 4,4 dəfə ötür».
Məlumat üçün onu da qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır. Bütün bunlar ölkənin ümumi strateji valyuta ehtiyatları hesab olunur. 1 yanvar 2016-cı il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları təxminən 39 mlrd. dollar təşkil edib.
Bütövlükdə ümumi valyuta ehtiyatlarının xarici borcu 4 dəfə üstələməsi müsbət göstəricidir. Bir sıra ölkələrdə mövcud olan xarici borc strateji ehtiyatlardan çox olduğuna görə bu, iqtisadiyyat üçün çətinliklər yaradır. Həmçinin ölkədə iqtisadi inkişafı tormozlayır. Azərbaycanda isə, göründüyü kimi, bunun əksidir. Bütövlükdə iqtisadçılar belə vəziyyəti necə dəyərləndirir?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, valyuta ehtiyatlarının xarici borcu üstələməsinin bir sıra üstünlükləri var: «Neft Fondunun rezervlərinə qənaət etməsi, nəticə etibarilə, ehtiyatların artmasına şərait yaratdı. Nəzərə alsaq ki, ehtiyatların 4 milyard dolları AMB-nin, digər hissəsi isə Neft Fondunun payına düşür, nəticədə bunun bir sıra müsbət tərəfi var. Valyuta ehtiyatlarının xarici borcu bir neçə dəfə üstələməsi imkan verir ki, Azərbaycan gələcəkdə lazım olacağı halda borclanmaya gedə bilsin. Çünki praktiki olaraq nəzərə alsaq ki, xarici borcun ÜDM-də payı 22 faizə yaxındır, o zaman ehtiyac yaranarsa, ölkə müəyyən borclanmaya gedə bilər. Azərbaycanın siyasəti ondan ibarətdir ki, ölkə kəskin borclanmaya getməsin. Bəzən beynəlxalq maliyyə qurumlarının güzəştli kredit xətləri olur. Belə olan halda, Azərbaycan bundan istifadə edə bilər. Başqa bir tərəfdən, valyuta ehtiyatlarının olması gələcəkdə regional layihələrin maliyyələşdirilməsinə kömək edə bilər. O baxımdan ölkədə dövlət rezervlərinin xarici borcdan 4,4 dəfə çox olması müsbət göstəricidir. Bu o deməkdir ki, xarici borcların qaytarılmasında çətinlik olmayacaq».
Vidadi ORDAHALLI