İlqar Hüseynli: “Qadınlar daha tez pensiyaya çıxmalı və təminatlı təqaüd almalıdırlar”
Məlum olduğu kimi, 1 iyul 2026-cı il tarixindən etibarən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq. Burda diqqət çəkən məqam odur ki, keçmiş SSRİ ölkələri arasında qadınlar ən gec Azərbaycanda pensiyaya çıxırlar. Azərbaycan – 65 yaş, Estoniya – 64,75 yaş, Litva – 64,67 yaş, Ermənistan – 63 yaş, Moldova – 61,5 yaş, Qazaxıstan – 61 yaş, Ukrayna – 60 yaş, Gürcüstan – 60 yaş, Rusiya – 59 yaş, Türkiyə – 58 yaş, Tacikistan – 58 yaş, Belarus – 58 yaş, Türkmənistan – 57 yaş, Özbəkistan – 55 yaş.
Bircə bu sahə qalmışdı onda da keçmiş SSRİ ölkələri arasında ən sonuncu yeri tutduq. Azərbaycanda qadınların bu qədər gec pensiyaya çıxmasına zərurət var idimi?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən ekspert İlqar Hüseynli bununla bağlı bir sıra məqamlara toxundu: “Bu statistikaya diqqət etsək görərik ki, Estoniya və Litva Azərbaycana daha yaxındır. Sual oluna bilər ki, sözügedən iki ölkədə niyə pensiya yaşı belədir? Ona görə ki, bu iki ölkədə demoqrafik balans qadınların xeyrinədir. Dövlət qulluğunda və digər vəzifələrdə işləyənlərin böyük əksəriyyəti qadınlardır. Dövlətin idarə edilməsində ağırlıq qadınların üzərinə düşür. Məsələ ondadır ki, bu ölkələrdə kişilərin sayında kifayət qədər azalma var. Digər ölkələrdə isə 55-63 yaş arası qadınlar pensiyaya çıxır. Bilirsiniz, pensiyaya çıxmaq o qədər də əsas məsələ deyil. Bu zaman nə qədər pensiya almaq önəmlidir. Tutaq ki, həkim qadın 1000 manat əməkhaqqı alırsa və pensiyaya çıxanda ona 300 manat təqaüd verilirsə, bunu müsbət hal kimi dəyərləndirmək olmaz. Əgər onun pensiya yaşı azaldılarsa, ona normal pensiya verilməlidir. Digər tərəfdən, Azərbaycanda qadınların pensiya yaşı aşağı salınmalıdır. O cümlədən, onlara normal pensiya verilməlidir. Yəni normal pensiya təminatı yaradılmalıdır. Ayrılan pensiya məbləğini də gücləndirmək lazımdır. O üzdən, hesab edirəm ki, ölkədə qadınların pensiya yaşı azaldılmalıdır. Çünki Azərbaycanda orta statistik ölüm yaşı kifayət qədər aşağıdır. Müşahidələrimiz göstərir ki, 65-70 yaş arası insanlar vəfat edir. Ona görə də düşünürəm ki, qadınların 65 yaşında pensiyaya çıxması doğru deyil. Həmin yaşdan sonra nə qədər yaşayacaqlar ki, pensiya alsınlar? Bir sözlə, qadınlar daha tez pensiyaya çıxmalı və təminatlı təqaüd almalıdılar”.
Vidadi ORDAHALLI