Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edib. Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək.
Keçid dövrü çərçivəsində, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub. Bu da o deməkdir ki, ölkəyə diri heyvan gətirilərkən avtomobillərə əvvəlki sayda heyvan yüklənməsinə icazə verilməyəcək. Yeni tələblər heyvanların təhlükəsiz və rifah standartlarına uyğun daşınmasını, həmçinin sərhəd baytarlıq nəzarətinin effektivliyinin artırılmasını hədəfləyir. AQTA artıq sahibkarları müəyyən edilmiş keçid dövründə fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmağa çağırıb. Bu arada maraqlı bir məqamı qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycan 20 min 108,56 ton həcmində, 47 milyon 232,25 min ABŞ dolları dəyərində ət idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 172,69 ton və ya 0,9%, dəyər baxımından isə 6 milyon 99,55 min ABŞ dolları və ya 14,8% artım deməkdir. Belə ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana 19 min 935,87 ton həcmində, 41 milyon 132,70 min ABŞ dolları dəyərində ət idxal olunmuşdu. Beləliklə, ət idxalının fiziki həcmi cüzi artsa da, idxalın ümumi dəyərində daha yüksək artım qeydə alınıb. Bu isə idxal olunan ətin orta qiymətinin yüksəldiyini göstərir. İndi AQTA-nın qərarından sonra qiymətlərdə bir qədər də artım gözlənilir. “Baku TV”nin məlumatına əsasən isə, 2025-ci ildə ölkəyə xaricdən 115 301 baş iribuynuzlu və 306 591 baş xırdabuynuzlu heyvan gətirilib. İqtisadçı Xalid Kərimli hesab edir ki, yeni tələblər idxal qiymətlərinə təsir göstərə bilər: "Bu dəyişiklik bir baş heyvanın daşınma xərclərini artıracaq. Təbii ki, bu artım idxal qiymətlərinə də təsir edəcək. Satıcılar və idxalçılar logistika xərclərindəki artımı məhsulun maya dəyərinə daxil edəcəklər".
Ekspert əlavə edib ki, diri heyvan idxalının artması fonunda daşıma xərclərinin yüksəlməsi daxili bazarda ətin qiymətində müəyyən artıma səbəb ola bilər. Hər halda, gözləntilər daha çox ətin qiymətinin yüksələcəyi yönündədir. Bundan başqa, qlobal qeyri-sabitlik, logistika xərclərinin artması və dünya bazarlarında baş verən proseslər qiymət artımına gətirib çıxarır. Dünya bazarlarında təklifin azalması nəticəsində bir çox ölkələr ixrac həcmini azaltmağa məcbur olur. Əvvəllər müəyyən miqdarda ixrac edən ölkələr indi daxili tələbatı nəzərə alaraq ixracı məhdudlaşdırır. Bu isə idxaldan asılı ölkələrdə, o cümlədən Azərbaycanda qiymət artımına səbəb olur.
Samirə SƏFƏROVA