Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, tikintisi davam edən Qars-İğdır-Aralık-Dilucu dəmir yolu (Naxçıvan Muxtar Respublikası ilə sərhəd - red.) layihəsinin Türkiyə, Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqələrinin və regional nəqliyyat əlaqəsinin gücləndirilməsinə töhfə verəcəyini bildirib.
Dəmir yolunun inkişafını “Türkiyə üçün dövlət prioriteti” adlandıran nazirin sözlərinə görə, nəqliyyat layihələri sadəcə ölkənin infrastrukturuna qoyulan investisiyalar deyil, istehsalı, ixracı, məşğulluğu, regional inkişafı və beynəlxalq əməkdaşlığı təşviq edən strateji addımlardır: “Təkcə son 24 ildə Türkiyənin nəqliyyat sektoruna və infrastrukturuna qoyulan investisiyaların həcmi 355 milyard dollara çatıb”.
O, həmçinin Yavuz Sultan Səlim Körpüsü vasitəsilə Bosfor üzərindən alternativ dəmir yolu xəttinin çəkilməsi planlarının davam etdiyini və layihənin tikinti işlərinin tender prosesi başa çatdıqdan sonra bu il başlayacağını bildirib.
Tahir TAĞIYEV