Azərbaycan ilə Ermənistan arasındakı razılaşma regionda sülhün və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkənin xarici işlər nazirlikləri arasında ikinci siyasi məsləhətləşmələr raundu keçirilib və tərəflər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar. Onun sözlərinə görə, mövcud sıx siyasi dialoq Azərbaycan və İordaniya arasında möhkəm əməkdaşlıq təməli formalaşdırır.
Əs-Safadi qeyd edib ki, tərəflər ticarət, investisiya və biznes əlaqələrinin genişləndirilməsində maraqlıdır. O vurğulayıb ki, bu məqsədlə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı, həmçinin özəl sektorlar arasında əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.
Nazirin sözlərinə görə, bu gün iki ölkə arasında vizaların qarşılıqlı ləğvinə dair saziş imzalanıb və bu sənəd turizmin inkişafına, insanlar arasında əlaqələrin genişlənməsinə, eləcə də biznes dairələri arasında əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək.
“Əminik ki, bugünkü razılaşmalar və gələcək qarşılıqlı səfərlər əməkdaşlığımızı yeni mərhələyə çıxaracaq və ticarət, investisiya, turizm, eləcə də digər sahələrdə konkret nəticələr verəcək”, - deyə o bildirib.
Əs-Safadi qeyd edib ki, tərəflərin aidiyyəti qurumları qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək üçün birgə işi davam etdirəcəklər.
İordaniyanın xarici işlər naziri Azərbaycan və Ermənistan arasındakı sülh razılaşmasını da alqışlayıb.
“Azərbaycan ilə Ermənistan arasında imzalanmaqda olan sülh sazişini mühüm addım kimi qiymətləndiririk. Bu razılaşma regionda sülhün və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək”, - deyə o vurğulayıb.
Nazir bildirib ki, İordaniya regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, tərəflər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində koordinasiyanı bundan sonra da davam etdirəcəklər.
Əs-Safadi çıxışında Fələstin məsələsinə də toxunaraq bildirib ki, bu problem regionun əsas və mərkəzi məsələsi olaraq qalır. O, Qəzzaya humanitar yardımın maneəsiz çatdırılmasının vacibliyini vurğulayıb və beynəlxalq hüquqa hörmət edilməsinin zəruriliyini qeyd edib.
Nazir bildirib ki, İordaniya iki dövlətli həll modelini Yaxın Şərqdə ədalətli və davamlı sülhün yeganə yolu hesab edir.
“Azərbaycanın uzun illərdir iki dövlətli həlli dəstəkləyən mövqeyini yüksək qiymətləndiririk. Azərbaycan Fələstin dövlətinin yaradılmasını, işğala son qoyulmasını və Fələstin xalqının beynəlxalq hüquqa uyğun şəkildə sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququnu ardıcıl olaraq dəstəkləyir”, - deyə o bildirib.
Əs-Safadi əlavə edib ki, tərəflər hava nəqliyyatı sahəsində əlaqələrin genişləndirilməsində də maraqlıdır və yaxın gələcəkdə aviasiya sahəsində əməkdaşlığın inkişafı insanların qarşılıqlı səfərlərinin artmasına xidmət edəcək.
Sonda İordaniya xarici işlər naziri Ceyhun Bayramova qonaqpərvərliyə görə təşəkkür edib və onu İordaniyaya səfərə dəvət edib.
“Əlahəzrət Kral II Abdullah Azərbaycan ilə münasibətlərə böyük önəm verir və ölkələrimiz arasında mövcud potensialın tam reallaşdırılmasında maraqlıdır”, - deyə Əymən Əs-Safadi vurğulayıb.