Ukrayna Xüsusi Əməliyyat Qüvvələri iyulun 7-dən 8-nə keçən gecə uzaq mənzilli pilotsuz təyyarələrlə Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərindəki iki neft emalı zavoduna zərbə endirib.
Hücumdan sonra TANECO və TAIF-NK neft emalı zavodlarında yanğın başlayıb.
TANECO Rusiyanın ən böyük və ən qabaqcıl neft emalı zavodlarından biridir. Onun emal gücu 99%-ə qədərdir, yəni hər ton xam neftdən bir çox köhnə Rusiya neft emalı zavodlarına nisbətən daha çox benzin, dizel və aviasiya yanacağı istehsal olunur.
TAIF-NK isə Nijnekamskın ikinci böyük neft emalı zavodudur və illik emal gücü 8,5 milyon tona qədərdir. Müəssisə, ağır neft qalıqlarının emalı üçün Rusiyanın ən inkişaf etmiş komplekslərindən biri hesab edilir.
Bundan başqa Ukrayna Rusiyanın Saratov neft emalı zavoduna da hücum edib. Obyektdə yanğın baş verdiyi bildirilir. Rusiyadakı yerli hakimiyyət orqanları da Saratov və Borisoqlebsk şəhərlərinə dronların hücum etdiyini və neft emalı zavodunda yanğınların baş verdiyini bildiriblər.
Tahir TAĞIYEV