Azər Həsrət: “Məqsədli şəkildə bu zərbələr endirilir və bütün bunlar Azərbaycana qarşı bir demarşdır”
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov XİN-ə çağırılıb. Görüş zamanı, 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar da daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.
Rusiya bir tərəfdən Azərbaycanla münasibətləri yoluna qoymaq, əlaqələri genişləndirmək istəyir, o biri tərəfdən Ukraynada ölkəmizə məxsus iqtisadi müəssisələri vurur. Nə deməkdir bu? Bu cür hadisələrin təkrarlanması iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi şərhçi Azər Həsrət hesab edir ki, Rusiyanın Azərbaycana məxsus obyektləri vurması ilk dəfə deyil baş verir: “İlk dəfə olmamaqla bərabər, davamlı şəkildə təkrarlanır. Bu da o deməkdir ki, Rusiya təsadüfən, yaxud səhvən bizim obyektlərimizi vurmur. Məqsədli şəkildə bu zərbələr endirilir və bütün bunlar Azərbaycana qarşı bir demarşdır. Azərbaycanı müharibəyə çəkmək, özündən çıxarmaq və səhv addımlar atmağa sövq etmək üçün edilən hərəkətlərdir bunlar. Əlbəttə, Azərbaycan dövləti öz diplomatik təmkinini hər zamankı kimi qoruyur, qoruyacaq və Rusiyaya da bununla bağlı yeri göstərildi. Rusiya işğalçı, aqressiv siyasəti ilə dünyanın istənilməz bir dövlətinə çevrilib. Dünyanın heç bir yerində normal, heç bir insan Rusiya dövlətinə rəğbət bəsləmir. Yaxud da rəğbət bəsləyənlərə hörmətlə yanaşa bilmirlər. Bunun günahkarı, səbəbkarı biz deyilik. Bunun səbəbkarı Rusiya və bu dövlətin apardığı imperiya siyasətidir. Ona görə də durub durduğu yerdə Azərbaycan obyektinə, konkret olaraq SOCAR-ın obyektinə bu zərbənin endirilməsini yanlışlıq kimi dəyərləndirmək olmaz. Rusiya məqsədli şəkildə bütün bunları edir. Azərbaycanın təmkinli olması o demək deyil ki, Rusiya üzərimizə gəlməkdə davam etməlidir. Biz bütün vasitələrlə bu kimi hadisələrə öz etirazımızı bildirməliyik. Rusiyanın hansısa təxribatına göz yummaq olmaz”.
Vidadi ORDAHALLI