Xaqani Cəfərli: “Bu telefon danışığının əsas məqsədi NATO sammiti ərəfəsində ABŞ-ın mövqeyini dəqiqləşdirməkdir”
Türkiyənin paytaxtı Ankarada NATO-nun dövlət və hökumət başçılarının 36-cı sammiti öz işinə başlayıb. Sammit iyulun 8-də başa çatacaq.
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Ankara sammitindən əvvəl həm Rusiya prezidenti Vladeimir Putinlə, həm də Ukrayna prezidenti Volodimr Zelenski ilə danışıb. Məqsədi nədir?Bu onun hələ də müharibəni həll etmək yox, Putinlə Zelenski arasında balansı qorumaq taktikası deyilmi?
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, ABŞ prezidenti Donald Trampın NATO-nun Ankara sammitindən əvvəl Rusiya və Ukrayna prezidentləri ilə danışması ilk öncə sammitlə bağlıdır. “Çünki, sammitdə Ukrayna ilə bağlı mühüm qərarların verilməsi gözlənilir. Digər tərəfdən NATO-nun Rusiya ilə yaxın gələcək üçün münasibətləri müstəvisində Moskvaya yönəlik qərarların alınması gözlənilir. Bütün bunlara görə Tramp həm Putinlə, həm də Zelenski ilə danışıb. Bu telefon danışığının əsas məqsədi NATO sammiti ərəfəsində ABŞ-ın mövqeyini dəqiqləşdirməkdir. Bu telefon danışığının müharibəni dayandırmaq imkanı yoxdur. Ümumiyyətlə, Trampın ikinci dəfə prezident seçilməsindən ötən müddət göstərir ki, Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsini dayandırmaq üçün ABŞ-ın təkbaşına yetərli resursu yoxdur”.
X.Cəfərlinin qənaətincə, ABŞ bu müharibəni Çin, Hindistan, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı kimi ölkələrin iştirakı ilə edə bilər. “Çin və Hindistanın mövqeyi xüsusilə əhəmiyyətlidir. Rusiyanın bu iki dövlətə etiraz edəcək gücü qalmayıb. Ona görə də Rusiyaya təzyiq qlobal xarakterli olmalıdır. O zaman Moskva sülhə razı olar”-deyə X.Cəfərli bildirdi.
İradə SARIYEVA