Məhəmməd Əsədullazadə: “Rusiya-Ukrayna müharibəsində sülh elementi görünmür”
Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması əvvəl düşünüldüyündən daha yaxındır. Bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib.
O bildirib ki, həm Rusiya, həm də Ukrayna münaqişəni başa çatdırmaq istəyir: “Hazırda sülh danışıqları davam edir. Müqavilənin imzalanması insanların düşündüyündən daha yaxındır”.
Trampın belə gözlənilməz vədlə çıxış etməsi nə ilə bağlıdır? İndiki şəraitdə tərəflərin sülh razılaşması əldə etməsi realdırmı?
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a açıqlamasında buna birmənalı yanaşmadı: “Rusiya-Ukrayna müharibəsində sülh elementi görünmür. Tərəflər arasında hansısa sülh danışığı aparılmır. O üzdən, sülhlə bağlı deyilənlər sadəcə, Trampın fərziyəsidir. Tramp özü dedi ki, biz sülhdən daha çox Rusiyanın Ukraynada mülki obyektlərin vurmasının şahidi oluruq. Təbii ki, Trampın bu çıxışı təəssüf doğurur. Çünki Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik danışıqlar dalana dirənib. Tərəflər dağıdıcı müharibə taktikasın seçib. Xüsusilə, Rusiya nümayişkəranə şəkildə müharibə qaydalarını pozur. Məqsədyönlü şəkildə dinc insanları hədəf alır, mülki yaşayış məntəqələrini məhv edir. Halbuki, bu, müharibə cinayətidir. Putinin hərbi forma geyinib müşavirə keçirməsi, Ukraynaya zərbələrin intensivliyinin artırılması və bu barədə tapşırıq verməsi də göstərir ki, hər hansı danışıq ortada yoxdur. Danışıqlar onda baş tuta bilər ki, qarşı duran tərəflərdən birinin mövqeyi daha da zəifləsin. Hazırda Ukrayna taktiki baxımdan üstün mövqedədir. Müharibənin gedişatı elə bir müstəvidədir ki, tərəflər arasında hansısa danışıqlardan söhbət belə gedə bilməz. Ən yaxşı halda sentyabrda danışıqlar baş tuta bilər. Ancaq bu, yaxın perspektivdə sülh razılaşması olacağı anlamına gəlmir”.
Vidadi ORDAHALLI