2016-cı ilin 6 ayının yekunlarına görə, fiziki şəxslərin banklardakı cəmi əmanətləri 7 milyard 761 milyon manat təşkil edib. Yayılan məlumata görə, bunu Əmanətlərin Sığortalanması Fondu açıqlayıb.
Mərkəzi Bankın açıqladığı son statistikaya görə, iyul ayının 1-nə fiziki şəxslərin banklardakı əmanətləri 7 milyard 565,9 milyon manat təşkil edib. Hər iki rəqəmin müqayisəsindən məlum olur ki, iyunda banklarda əhalinin əmanətləri 195,1 milyon manat və ya 2,6% artıb.
Məlumat üçün xüsusi olaraq qeyd edək ki, əmanətlərdəki iyun ayındakı artım bu il ilk artımdır. Belə ki, yanvar-may aylarında banklarda əhalinin əmanətləri azalırdı. Yanvarın 1-nə banklarda əhalinin 9 milyard 473,9 milyon manat əmanəti var idi.
Əlavə edək ki, avqust ayının 1-dən etibarən lisenziyaları ləğv edilən «Zaminbank», «Parabank», «Dekabank» və «Kredobank»ın əmanətçilərinə kompensasiya verilməsinə başlanıb. Bunun dövlətə və banklara etimadı artıracağı gözlənir.
Görünən odur ki, artıq yavaş-yavaş banklara etimad nisbətən bərpa olunmağa doğru gedir. Əvvəlki kimi müştərilər pulunu banklardan gəri çəkməyə səy göstərmir. Düzdür, hələ də belə müştərilər var. Çünki dalbadal bir neçə bankın iflasa uğraması bir sıra müştərilərdə banklara etimadı azaldıb. Bütün bunların fonunda ekspertlər son dövrlər banklarda əmanətlərin artımını necə dəyərləndirir?
Sözügedən məsələ ilə bağlı fikirlərini «Bakı-Xəbər»lə bölüşən iqtisadçı-ekspert İldırım Qurbanov əmanətçilərin banklara etimadının artmasını Prezident İlham Əliyevin yanvarda imzaladığı sərəncamla əlaqələndirdi: «Məsələ ondadır ki, ilin əvvəlində Prezidentin imzaladığı sərəncamla bütün əmanətlər 3 il yüz faiz sığortalanır. Əvvəl 30 min manatədək və illik 12 faizlə qoyulan əmanətlər sığortalanırdı. Ancaq indi Prezidentin sərəncamına əsasən, əmanətlər 3 il müddətində sığortalanır. Yəni banka qoyulan istənilən məbləğ yüz faiz sığortalanır. Məsələn, banka 100 min manat vəsait qoysan, bu, üç il müddətinə sığortalıdır. Hansısa səbəblərdən bu 3 il müddətində bank bağlansa, dövlət həmin 100 min manatı olduğu kimi qaytaracaq. Deməyim odur ki, burada limit məsələsi yoxdur. Prezidentin bu qərarı banklara etimadın bərpa olunmasına bilavasitə təsir göstərdi. Məqsəd odur ki, vətəndaşlar vəsaitini balıncın altına yox, banka qoysun. İkinci məqam bankların həm sığortalanan, həm də sığortalanmayan vəsaitləri vətəndaşlara qaytarması ilə bağlıdır. Ən nəhayət, 4 bankın bağlanması məsələsi də məhz sərəncamdan qaynaqlanan məsələ idi.
Nəyə görə? Çünki dövlət görür ki, bank özünü dolandıra bilmirsə, sabah müştərinin qoyduğu vəsaiti geri qaytara bilməyəcək. Nəticədə bu, dövlətin üstündə qalacaq. Ona görə də öz işini düzgün quran banklar işləsin, düzgün qura bilməyənlər isə ya birləşib işləsin, ya da ləğv olunsun».
Vidadi ORDAHALLI