Vahid tariflərin tətbiqi Beynəlxalq Transxəzər nəqliyyat marşrutunun rəqabət qabiliyyətini artıracaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Limanın baş direktoru Taleh Ziyadov deyib.
T.Ziyadov bildirib: "Avropadan Çinə yük daşımalarında vahid tarif siyasətinin tətbiqi nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin və iş səmərəliliyinin yüksək olmasını göstərir".
Onun sözlərinə görə, vahid tarif siyasətinə qoşulmuş ölkələrin sayının artmasına istiqamətlənmiş hər yeni görüş böyük bir addımdır.
T. Ziyadov qeyd edib: "Fikrimcə, bu görüşlər hər 1,5-2 aydan bir mütəmadi keçiriləcək və yeni vahid tariflərin tətbiqinin və bu prosesə daha çox sayda ölkələrin cəlb olunmasının şahidi olacağıq. Vahid tariflərin tətbiq edilməsi bir çox dövlətlər tərəfindən alqışlanır və yaxın gələcəkdə digər ölkələr də bu konsorsiumun üzvləri olacaqlar".
Limanın baş direktoru deyib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad ticarət zonası rezidentlərinin qeydiyyatı 2017-ci ilin yanvarından başlayacaq.
Onun sözlərinə görə, hazırda azad ticarət zonasının fəaliyyəti üçün hüquqi bazanın hazırlanması üzərində iş gedir.
T.Ziyadov bildirib: "Düşünürəm ki, cari ilin sentyabr ayına qədər bütün hazırlıqlar başa çatacaq. Gələn ilin yanvar ayından başlayaraq rezidentlərin qeydiyyata alınmasına başlayacağıq."