Son aylar banklarda insanları narahat edən qəribə tendensiya müşahidə olunur. Belə ki, valyutadəyişmə məntəqələrində pulu dəyişmək istəyən şəxslər bank işçiləri tərəfindən sorğu-suala çəkilir.
Banklar dollar alışını və ya satışını həyata keçirən müştərilərdən müəyyən informasiya əldə etməyə çalışırlar. Dollar almaq istəyənlərə gəlir mənbəyinə dair suallar ünvanlayırlar. Həmçinin, vətəndaşların iş yerləri, aylıq gəlirləri, aldıqları dolların təyinatı barədə anket doldurulması tələb olunur. Bununla yanaşı, dollar alan və ya dəyişdirmək istəyən şəxsin şəxsiyyət vəsiqəsi və mobil nömrəsi də tələb olunur. Bu hal müştərilərdə narazılıq yaradıb. İnsanlar bunun qanunsuz olduğunu düşünürlər. Çünki banklardan əvvəl bu işlə məşğul olan valyutadəyişmə məntəqələrində bu cür sorğular aparılmırdı.
“Kimsə banklarımıza qeyri-rəsmi göstəriş verib ki, insanların savadsızlığından istifadə edib…”
Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov bildirdi ki, qanunvericiliyə əsasən, bank müştərinin təqdim etdiyi pul vəsaitinin mənbəyi ilə maraqlana bilər. Bu da “çirkli pulların yuyulması” ilə mübarizə çərçivəsində atılan addımdır: “Qanunvericiliyin prinsiplərindən biri odur ki, bank müştərisini tanımalıdır və müştərinin gəlir mənbəyi barədə informasiyaya malik olmalıdır. Bu sorğu-sual bütün dünya banklarında var. Təbii ki, xırda “exchange”lərdə pulun mənbəyi soruşula bilməz. Daha doğrusu, “exchange”lər bunu soruşmurlar. Çünki müştərini qaçırmaq istəməzlər. Amma son dönəmlərdə “exchange”lər vətəndaşların pulu haradan və necə əldə etdiklərini soruşurlar. Bu zaman hər kəsdə fikir yaranır ki, kimsə banka qeyri-rəsmi göstəriş verib. Bəli, “exchange”lərin pulun mənbəyini soruşmaq ixtiyarları var. Amma niyə indi soruşurlar? Bu maraqlıdır. Kimsə banklarımıza qeyri-rəsmi göstəriş verib ki, insanların savadsızlığından istifadə edib, onlara psixoloji təzyiq göstərsinlər”.
Həmsöhbətimiz hesab edir ki, bankların əsas məqsədi dolların alınmasını məhdudlaşdırmaqdır: “Çünki insanlarda təşviş var ki, neftin qiymətinin düşməsi ilə bağlı milli valyutda devalvasiya ola bilər. Ona görə hər kəs dollar alır. Heç kəs dollar almasın, milli valyutaya təzyiq olmasın deyə, insanlara psixoloji təzyiq olunur. Kimsə biləndə ki, ondan müəyyən informasiya alacaqlar, istər-istəməz çəkinir. Vətəndaşlara demək istəyirəm ki, heç nədən qorxmaq lazım deyil. Çünki qanunvericiliyimizdə gəlir və xərclərin mənbəyini bəyan etmə yoxdur. Vətəndaşlar heç kəsə hesabat verməli deyil ki, pulu haradan alırlar. Təbii ki, bank soruşanda müştəri istənilən cavabı verə bilər. Amma heç kəsin pulun mənbəyini yoxlamaq səlahiyyəti yoxdur. Müştəriyə sual verdikdə əvvəlki illərdə yığdığını deyə bilər”.
Günel CƏLİLOVA