"Qarabağ" klubu Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
Trend-in məlumatına görə, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə Danimarka təmsilçinin xeyrinə başa çatıb.
Beləliklə, 2 oyunun cəmi və səfər qolunun hesabına "Qarabağ" klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Baki-xeber.com xəbər verir ki, "Qarabağ" klubunun Azərbaycan futbol tarixində bir ilkə imza ataraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi Bakıda böyük coşqu ilə qarşılanıb. Matçdan sonra şəhərdə əsl bayram havası müşahidə edilir. Ağdam klubunun qələbəsinə sevinən azarkeşlər oyundan sonra qələbə şüarları səsləndiriblər, Bakının müxtəlif yerlərində qələbə yürüşü keçiriblər.