Bu yaxınlarda DİN İdman Cəmiyyətində silahsız özünümüdafiə üzrə daxili işlər orqanlarının əməkdaşları arasında yarış keçirilib. Yarışda 10 komandanı təmsil edən 80 idmançı gücünü sınayıb.
Yarışın əvvəlində çıxış edən İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftahetdinova ölkəmizdə gənclərə, idmana göstərilən dövlət qayğısının davam etdiyini, bunun nəticəsində Azərbaycan idmançılarının idman aləmində sayılıb-seçilən, ən güclülər arasında olduğunu diqqətə çatdırıb. Bir müddət öncə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi oyunlarında əldə edilən uğurların da əsasında məhz dövlətimizdə idmanın inkişafı, yetişməkdə olan gənc nəslin sağlam böyüməsi üçün yaradılan şəraitin durduğunu diqqətə çatdırıb.
Sonra yarışlara start verilib. Polis idmançılar yüksək fiziki hazırlıq, taktiki ustalıq nümayiş etdiriblər. Şəxsi birincilik yarışlarında DİN DQBİ-nin hərbi qulluqçularından Şahin Göyüşov (65 kiloqram), Alim Məmmədov (70 kiloqram), Müşfiq Hüseynov (90 kiloqram), Əlahiddə Çevik Polis Alayının təmsilçilərindən Elçin Vəliyev (75 kiloqram), Qurban Qaflanov (90 kiloqramdan yuxarı), Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından Tural Bayramov (80 kiloqram) və Fərid Mayılov (85 kiloqram) qalib gəlib. Komanda birinciliyində Daxili Qoşunların hərbi qulluqçuları turnirin qalibi olub. Əlahiddə Çevik Polis Alayının komandası 2-ci, Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçiləri 3-cü yeri tutub. Bu yarışda xüsusilə fərqlənən idmançılardan beynəlxalq turnirlərə qatılacaq komandamızın heyəti müəyyənləşib.
Yarışların baş hakimi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirib ki, idmançı əməkdaşların əksəriyyətinin göstərdiyi çeviklik, bacarıq, texniki imkanlar ürəkaçandır. Xüsusilə Polis Akademiyasının, Sumqayıt ŞPİ -nin təmsilçilərinin əksəriyyəti yüksək hazırlıq nümayiş etdirib.
Yarışları polis polkovnik-leytenantı Elnur Həsənov idarə edib.
Z.Hüseynov