Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının qrup mərhələsinin oyunları davam edir. Trend-in məlumatına görə, II turda B qrupunda yer alan Oman və Türkiyə komandaları qarşılaşıblar. Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyun Oman futbolçularının qələbəsi ilə başa çatıb - 3:2.
Beləliklə, Türkiyə yığması növbəti mərhələyə vəsiqəni əldən verib.
Xatırladaq ki, birinci turda Oman Fələstinlə 2:2 hesablı bərabərə qalmış, Türkiyə yığması isə Əlcəzairə 1:2 hesabı ilə məğlub olmuşdu.
Türkiyə voleybolçuları Türkmənistandan üstün oldular
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində voleybol yarışının ilk günündə Türkiyənin və Türkmənistanın kişi idmançıları qarşılaşıblar. A qrupunun favoritlərindən olan Türkiyə voleybolçuları hər üç setdə üstün olublar - 25:16, 25:14 və 25:22.
Səudiyyə Ərəbistanı qrupda birinci oldu
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında həndbol yarışının qrup mərhələsinin son oyunları keçirilir. A qrupunda Səudiyyə Ərəbistanı Pakistanla qarşılaşıb. Bundan əvvəl Əlcəzair və Azərbaycan yığmalarına qalib gələn (26:13, 38:31) səudiyyəli həndbolçular bu dəfə də rəqiblərindən üstün olublar - 35:26.
Beləliklə, hər üç oyunda qələbə qazanan Səudiyyə Ərəbistanı komandası qrup birincisi kimi yarımfinala vəsiqə qazanıb. Qrupun son oyunu Azərbaycan və Əlcəzair yığmaları arasında keçiriləcək. Məhz bu matçdan sonra qrup ikincisi müəyyənləşəcək.
Kamerun yenə də bərabərə qaldı
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışının qrup mərhələsinin oyunları davam edir. Millimizin də yer aldığı A qrupunda Kamerun və Mərakeş yığmaları üz-üzə gəliblər.
Bundan əvvəl Azərbaycanla qolsuz bərabərə qalan Kamerun kollektivi bu dəfə də meydandan sülhlə ayrılıb - 1:1.
Xatırladaq ki, birinci turda Mərakeş futbolçuları Səudiyyə Ərəbistanı komandasını minimal hesabla məğlub etmişdilər.
Türkiyədən Tacikistana voleybol dərsi
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı davam edir. A qrupunda Türkiyə və Tacikistan yığmaları qarşılaşıblar.
Türk futbolçular hər 3 setdə taciklərə göz açmağa imkan verməyiblər - 25:8, 25:6, 25:7 (3:0)
Bu qrupun digər oyununda ev sahibi Azərbaycan Qırğızıstanı sınağa çəkəcək.
Özbəkistan Kamerunla da bacara bilmədi
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında həndbol yarışı davam edir. Millimizin də yer aldığı A qrupunda Özbəkistan və Kamerun yığmaları qarşılaşıb.
Aşkar autsayder Özbəkistan Kamerunla da bacara bilməyib – 25:41.
Qrupun son matçı buna qədər bütün oyunları qələbə ilə başa vuran liderlər - Azərbaycan və Türkiyə həndbolçuları aralarında keçirilir.
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.