Azərbaycanda keçirilən növbəti prezident seçkiləri baş tutub. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov prezident seçkilərinin ilkin nəticələrinə həsr olunan tədbirdə deyib.
Ə.Əhmədovun sözlərinə görə, seçicilərin 74 faizindən çoxu seçkilərdə iştirak edib: "Buna görə də Azərbaycan xalqını təbrik edirəm. "Exit-poll"un nəticələrinə görə, Prezident İlham Əliyev 80 faizdən çox səs toplayıb. Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçdi".
YAP-ın sədr müavini bildirib ki, Prezident İlham Əliyevin dövründə Azərbaycan güclü inkişaf edib: "İlham Əliyevə səs verməklə Azərbaycan vətəndaşları sabitliyə səs veriblər. Növbəti 7 ildə Azərbaycada yeni inkişafın mərhələsi olacaq. Prezidentin xalqımıza etdiyi xidmətə xalqımız layiqli cavabını verəcək".
Ə.Əhmədov əlavə edib ki, növbəti 7 ildə Azərbaycan daha sürətlə inkişaf edəcək, Azərbaycanın dünyada enerji təhlükəsizliyindəki rolu artacaq, iqtisadi inkişafı sürətlənəcək: "Azərbaycanın bu günü kimi gələcəyi də İlham Əliyevlə bağlıdır".