Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində yüksək seçici fəallığı qeydə alınır. Bunu Trend-ə özəl açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bildirib.
N.Ünüvar qeyd edib: “Səhər saatlarında etibarən seçkiləri müşahidə edirik və Bakıda müxtəlif seçki məntəqələrində olduq. Seçki prosesində hər hansı çətinliyə, neqativ hala rast gəlmədik”.
Millət vəkili deyib ki, seçkilərdə qadın seçicilərin aktiv iştirakı xüsusilə nəzərəçarpan məqamlardan biri olub: “Azərbaycan çox önəmli bir seçim edir və bu seçimlər sadəcə Azərbaycan üçün deyil, eyni zamanda, bölgə üçün də çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Azərbaycanda keçirilən prezident seçkiləri dünya üçün də önəmlidir, çünki bu gün Azərbaycan sadəcə regional əhəmiyyətli deyil, həmçinin dünya əhəmiyyətli layihələr həyata keçirir”.