Hazırda Azərbaycanda prezident seçkilərində heç bir pozuntu qeydə alınmayıb. Bunu Trend-ə Moldova parlamentinin Beynəlxalq münasibətlər komitəsinin sədri Violeta İvanov deyib.
O, artıq bir neçə seçki məntəqəsində olduqlarını bildirib: "Baş çəkdiyimiz bütün seçki məntəqələrində yüksək səviyyəli təşkilatçılığı qeyd etmək istərdim. Biz hər hansı pozuntu ilə rastlaşmamışıq. Hər şey çox sakit keçir. Burada həm yaşlı insanlar, həm də gənclər üçün şərait yaradılıb".
Deputat yüksək seçici fəallığına da toxunub: "Səhər saat 10-a bir çox seçki məntəqələrində seçici iştirakının 20 faizi ötməsi ondan xəbər verir ki, xalq həqiqətən də səs verərək öz gələcəyini seçmək istəyir".
V.İvanovun sözlərinə görə, bu, gənclərin dövlətin inkişafı məsələsinə maraq göstərdiyini və Azərbaycanın inkişafının gələcəkdə də yüksək səviyyədə davam etməsi üçün mümkün olan hər şeyi etdiyini göstərir.
O qeyd edib ki, seçki məntəqələrində bütün işlər sakit və nizam-intizamla aparılır: "Demək olar ki, insanlarda bayram ab-havası var. Biz demokratik dəyərlərin təzahür etdiyini hiss etdik. Mən Azərbaycan xalqına çiçəklənmə, uğurlar arzulayıram".