Azərbaycanda prezident seçkiləri sabit və şəffaf keçirilir. Bu barədə Trend-ə Avropa Parlamentinin müşahidə missiyasının sədri Devid Kempbell Bannerman deyib.
O qeyd edib: "Bizim vəzifəmiz Azərbaycanda prezident seçkilərinin təşkilini və prosesin özünü müşahidə etmək və qiymətləndirməkdir. Və mən deyə bilərəm ki, seçkilər yaxşı təşkil olunub və yüksək səviyyədə keçirilir. Biz ədalətli seçki prosesini və səs verən bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verilməsini görməkdən şadıq".
Missiya rəhbəri qeyd edib ki, Azərbaycanda prezident seçkilərinin sabit və şəffaf keçirilməsi üçün görülən tədbirlər öz səmərəliliyini nümayiş etdirir: "Seçkilərdə iştirak Avropa Parlamentinin müşahidə qrupu üçün də müsbət təcrübə olacaq. Müşahidə zamanı biz hər hansı pozuntu ilə qarşılaşmamışıq. Seçki prosesi sabitdir və bu, yalnız sevindirə bilər".
“Azərbaycandakı seçki məntəqələri Böyük Britaniyadakılara oxşayır”. Bunu da Avropa Parlamentinin müşahidə missiyasının sədri Devid Kempbell Bannerman deyib.
Onun sözlərinə görə, nümayəndə heyəti daha bir neçə seçki məntəqəsinə getmək niyyətindədir: “Burada müasir texnologiyalar tətbiq olunur, seçicilərin ciddi qeydiyyatı aparılır. Hər şey Böyük Britaniyada olduğu kimi baş verir”.
Deputat əlavə edib ki, Mərkəzi Seçki Komissiyasında görüşdən sonra daha bir neçə məntəqəyə gedəcəklər.