Fevralın 16-da Azərbaycan Dostları Assosiasiyasının icra şurası Fransanın Udan şəhərində növbəti Parisdən kənar iclasını keçirib. Iclas ADA-nın prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü, Jan Fransua Mansel və assosiasiyanın baş katibi Mirvari Fətəliyevanın başçılığı ilə idarə olunub.
Assosiasiyanın prezidenti sessiyanı açaraq, icra şirası üzvlərinə və Udan şəhərinin meri, ADA -nın üzvü Jan-Mari Tetara assosiasiyanın idarə heyətini öz şəhərinə qonaq dəvət edərək, iclasın həyata keçirilməsində dəstəyinə görə təşəkkürünü bildirib.
J.F. Mansel sessiyanın gündəminə daxil olan iş planını iclas heyətinə təqdim edib. Sessiya zamanı yeni idarə heyəti üzvlərinin seçilməsi, baş assambleya zamanı təsdiqlənmiş 2018-ci il üçün nəzərdə tutulan layihələrin həyata keçirilməsi haqqında müzakirələr gündəmə daxil olan əsas məsələlərdən olub.
Sessiya zamanı Assosiasiyanın idarə heyətinin üzvlüyünə namizədlərin siyahısı təqdim olunaraq yeni tərkibi təsdiq edilib.
Assosiyasiyanın prezidenti vəzifəsinə sabiq deputat Jan Fransua Mansel, vitse-prezidentlər YUNESCO-nun xoşməramlı səfiri Edva Ser, tanınmış fransız bəstəkarı Pyer Tilua, yazıçı, jurnalist, Jan Pyer Alali və Mirvari Fətəliyeva isə baş katib vəzifəsinə 3 il müddətinə seçilib.
Assosiasiyanın ötən il ərzində fəaliyyətini isıqlandıran məlumat xarakterli layihə sessiya üzvlərinə təqdim olunub. Icra şurası üzvləri yarandığı gündən görülən işlər sayəsində ölkəmizin Fransada yaxından tanınmasında böyük rolu olan assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra assosiasiyanın cari il üçün nəzərdə tutulmuş proqram və layihələrinin müzakirəsinə başlanıb. ADA fəaliyyətinin daha da inkişaf etməsi üçün müəyyən strategiya və direktivlər nəzərdən keçirilib, şura üzvlərinin təklifləri dinlənib. Jan–Fransua Mansel iclas iştirakçılarına Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq 2018-ci ilin Azərbaycan tarixində yaddaqalan bir il olacağını bildirib. Bu əlamətdar tarixi lazımınca qeyd etmək məqsədilə 2018-ci ildə ADA bir sıra layihələr həyata keçirməyi nəzərdə tutur. Bu layihələr planı tədbir çərçivəsində assosiasiya üzvlərinə təqdim edilib. O qeyd edib ki, bu silsilə tədbirlər Azərbaycanın Fransada taninması və iki ölkə arasında əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq.
Daha sonra mer J.M Tetar Assosiyasiya üzvlərini şəhərlə tanış edərək, onun tarixi barədə məlumat verib.
ADA nümayəndə heyəti şərəfinə Taneri qalereyasında təşkil edilmiş ziyafətdə yerli siyasi və ictimai şəxsiyyətlərlə tanışlıq zamanı Udan şəhəri ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin qurulması barədə müzakirələr aparılıb.