Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha yeddi nəfərin Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb.
Trend-in məlumatına görə, iclasda prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb.
İclasda qeyd olunub ki, yuxarıda adları qeyd olunan şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Daha sonra hər bir prezidentliyə namizədin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi ayrı-ayrılıqda səsə qoyulub və təsdiq edilib.
Daha sonra prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və qeydə alınıb.
MSK sədri Məzahir Pənahov bildirib ki, qarşıda hələ vaxt var və arzu edən şəxs prezidentliyə namizədliyin irəli sürə bilər.
MSK sədri əlavə edib ki, indiyə qədər 13 nəfər namizədliyini irəli sürüb və onlardan 7 nəfərin namizədliyi siyasi partiyalardan, 1 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 4 nəfərin namizədliyi isə özü tərəfindən irəli sürülüb.
M.Pənahov vurğulayıb ki, 12 nəfərin namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiq olunub, bir nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.