“Polisə Dəstək” İB-nin növbəti yığıncağında aprelin 11-də keçiriləcək Prezident seçkilərini müzakirə edib və müvafiq qərar qəbul edib.
Qərarda deyilir ki, son 10 il ərzində Azərbaycanın çiçəklənməsi naminə geniş iqtisadi, hüquqi və strateji sahələrdəki ciddi islahatlar ölkəmizin beynəlxalq miqyasda tanınmasına imkan vermiş, əhalinin rifahı, həyat səviyyəsi yüksəlmiş, vətəndaşların təhlükəsizliyi hamıya nümunə olacaq səviyyədə təmin edilmişdir. Dövlətin həyata keçirdiyi balanslaşdırılmış daxili və xarici siyasətin bilavasitə nəticəsi olan sabitlik bu gün də uğurla davam edən demokratik islahatların ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu illər ərzində Azərbaycan xalqı və cəmiyyəti də tərəqqi etmiş, təfəkkürdə, düşüncələrdə istiqlal və azad yaşamaq fikri bərkimiş, dövlətçiliyin varisliyinin və dövlət müstəqilliyinin təminatçısı olan İlham Əliyevə hörmət və ehtiram, inam və etibar artmışdır.
Dövlət başçısı artıq siyasi bacarığı və uzaqgörən diplomatik fəaliyyəti ilə beynəlxalq miqyasda sayılan və hörmət edilən lider kimi mövqeyini möhkəmləndirmişdir.
“Polisə Dəstək” İB hesab edir ki, istiqlalımızı, milli məfkurəmizi və təhlükəsizliyimizi, daxili sabitliyi və milli birliyimizi qorumaq məqsədilə Prezidentin yanında olmaq, ona növbəti seçkilərdə də qalib çıxması üçün dəstək olmaq hər birimizin müqəddəs vəzifəsinə çevrilməlidir.