Azərbaycanda hakimlərin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərini və təcrübəsini öyrənmələrinin əhəmiyyəti nəzərə alınaraq, Avropa Məhkəməsi ilə səmərəli əməkdaşlıq çərçivəsində bu Məhkəmənin hakimlərinin və digər hüquqşünaslarının tədris tədbirlərinə daha geniş cəlb olunması barədə razılığa gəlinib.
Bununla əlaqədar Ədliyyə Akademiyasında Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi, hüquq elmləri doktoru, professor Lətif Hüseynovun iştirakı ilə hakimlər üçün video-konfrans vasitəsilə distant təlim keçirilib.
Ədliyyə Akademiyasından “Bakı-Xəbər”ə verilən məlumata görə, tədbirin açılışında çıxış edən Akademiyanın rəhbəri Elçin Xələfov bu təlimin əhəmiyyətini vurğulayıb, onun dinləyici auditoriyasının genişləndirilməsinə, təlim materiallarının daha çevik çatdırılmasına, həm mühazirəçilər, həm də dinləyicilər üçün vaxta qənaət olunmasına xidmət etdiyini bildirib. Qeyd olunub ki, Akademiya tərəfindən Avropa Şurası ilə birgə həyata keçirilən layihə çərçivəsində 1.100-dək hakim və digər hüquqşünaslar İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müxtəlif maddələrinin şərhinə dair təlimlərə cəlb olunub.
Ali, Bakı Apellyasiya və birinci instansiya məhkəmələrindən 10 hakimin və Ədliyyə Akademiyası təlimçilərinin iştirak etdiyi təlimdə Avropa Məhkəməsinin hakimi L.Hüseynovun "Avropa İnsan Hüquqları Konvensiyası və subsidiarlıq prinsipi" mövzusunda video-konfrans vasitəsilə mühazirəsi dinlənib, maraqlı diskussiyalar keçirilərək fikir mübadiləsi aparılıb, hakimləri maraqlandıran suallara aydınlıq gətirilib.
Tədbir iştirakçıları bu cür aktual mövzulara dair distant təlimlərin təşkilinin hakimlərin bilik və bacarıqlarının artırılmasında və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında səmərəsini qeyd ediblər.
Dinləyicilərin böyük marağına səbəb olan belə təlimlərin bundan sonra da keçirilməsi nəzərdə tutulur.