Moskvanın Basmannı məhkəməsi Azərbaycan əsilli Rusiya biznesmeni Telman İsmayılov barəsində qiyabi həbs qərarı çıxarıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb. İsmayılovun vəkili mətbuata açıqlamasında bildirib ki, biznesmen iki və daha artıq qətlin təşkilində, həmçinin qanunsuz silah ticarətində günahlandırılır. Onun sözlərinə görə, bu suçlamanın ardından İsmayılov beynəlxalq axtarışa verilib. Vəkil məhkəmənin bu hökmü oktyabrın 30-da verdiyini açıqlayıb. Bildirib ki, İsmayılov artıq hökmdən apellyasiya şikayəti verib.
Xəbərə görə, bu ilin sentyabrında biznesmenə məxsus mülklərdə axtarış aparılıb. Axtarış iş adamları Vladimir Savkin və Yuri Brilyovun qətli ilə bağlı açılmış cinayət işi çərçivəsində həyata keçirilib.
“Rosbalt” yazır ki, Telman İsmayılov səkkiz sifarişli qətl törətməkdə şübhəli bilinən qruplaşma ilə əlaqədə şübhəli bilinir. Onun əleyhinə qruplaşmanın üzvlərindən olan Harri Belozyorski ifadə verib. Belozyorskinin sözlərinə əsasən, qruplaşma Moskvanın Şimal inzibati dairəsindəki taicarət obyektlətilə bağlı çəkişmə üzündən Koptev qruplaşmasının üzvlərini və onlarla bağlı olan biznesmenləri öldürüb.
Qeyd edək ki, Telman İsmayılovun qardaşı Rafiq 2016-cı ilin mayında Savkin və Brilyovun qətlində ittiham olunaraq həbs olunub. Onun digər qardaşı Vaqif isə axtarışdadır.
Onu da xatırladaq ki, 2009-cu ildə Telman İsmayılovun Moskvadakı Çerkizov bazarının işində qanunsuzluqlar aşkarlanıb və bazar bağlanıb. İsmayılov bunun ardınca xaricə gedərək əmlakını satmağa başlayıb. 2017-ci ilin martında İsmayılov müflis elan olunub.