Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib.
Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərindən baki-xeber.com-a verilən birgə məlumata görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.
Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.
XXX
Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə Prezident İlham Əliyevin göstərişinə əsasən bu gün Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilib. APA-nın məlumatına görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə yol salınıb.
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, Banqladeşdə sığınacaq tapmış Rohingya müsəlmanlarına ümumilikdə 100 ton humanitar yardım göndərilib: "Yardıma 20 ton şəkər tozu, 10 min litr qarğıdalı yağı, 10 min litr günəbaxan yağı, 10 ton qatılaşdırılmış süd, 10 ton mal əti konservi, 10 ton makaron, 10 ton vermişel və 20 ton un daxildir".
Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə ərazidən qaçmağa çalışır. Bölgədə humanitar fəlakət yaşanır.