Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfər edən “Əl-Cəzirə” Media Şəbəkəsinin ictimai azadlıqlar və insan haqları idarəsinin direktoru Sami Əl Haj və BAMF-ın prezidenti Umud Mirzəyev dünən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüb.
BAMF-ın Mətbuat departamentindən baki-xeber.com-a daxil olan məlumata görə, görüş zamanı Sami Əl Haj “Əl-Cəzirə” Media Şəbəkəsinin Azərbaycanla bağlı reportajlara xüsusi önəm verdiyini ifadə edib. O, “Əl Cəzirə”nin ölkə rəhbəri ilə müsahibəsinin ərəb ölkələrində, daha sonra “Əl-Cəzirə” ingilisdə nümayiş etdirildiyini və ciddi marağa səbəb olduğunu ifadə edib. Sami Əl Haj Azərbaycan mediasının və hökumətinin Qətər ətrafında yaranmış vəziyyətlə əlaqədar obyektiv mövqeyini də yüksək dəyərləndirib. Sami Əl Haj Azərbaycana səfəri çərçivəsində Qəbələ, Oğuz, Şəki rayonlarında olduğunu, Azərbaycanda turizm potensialının və sektorunun inkişafı üçün yaradılan şəraitdən məmnun qaldığını bidirib. Müharibədən zərər çəkən regionlara da səfər etdiyini bildirən qonaq, ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi ilə bağlı 1978-ci ildə Tərtərin Marağa kəndində ucaldılmış abidəni ziyarət etdiyini, müharibə nəticəsində dağılmış kəndlərlə, məhv edilmiş maddi-mənəvi dəyərlərlə yaxından tanış olduğunu nəzərə çatdırıb. O, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Tərtər və Bərdə rayonlarında infrastrukturun bərpası istiqamətində görülən işləri yüksək dəyərləndirib. Müharibədən zərər çəkmiş regionlarda BAMF-ın gördüyü sosial-humanitar proqramların infrastrukturun bərpası və sülh quruculuğu prosesində vacib amil olduğunu bildirən Sami Əl Haj, BAMF-la əməkdaşlıqdan məmnuq olduqlarını ifadə edib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov medianın inkişafı istiqamətində “Əl-Cəzirə” ilə əməkdaşlıq perspektivlərinin əhəmiyyətini vurğulayıb. O, “Əl Cəzirə” və Azərbaycan mediası arasında əlaqələrin inkişaf etdirilməsi üçün BAMF–ın gördüyü işləri xüsusi qeyd edərək, “Əl-Cəzirə”nin təcrübəsini və imkanlarını yüksək dəyərləndirdiyini ifadə edib. Ə.Həsənov Sami Əl Hajın Azərbaycanın dostları siyahısında olmasından məmnun olduğunu və əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verdiyini bildirib. O, BAMF prezidenti Umud Mirzəyevin və “Əl-Cəzirə” Media Şəbəkəsinin təşəbbüsü ilə hazırlanan, Azərbaycan Mətbuat Şurasının təşkilatçılar sırasında yer aldığı və bu ilin sonuna qədər keçirilməsi planlaşdırılan “Sülh və Jurnalistika” beynəlxalq tədbirinin əhəmiyyətini qeyd edib.
Görüşün sonunda “Əl-Cəzirə”nin Büllur Mükafatı Əli Həsənova təqdim olunub.