Belə vəhşilik cəzasız qalmamalıdır. Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Misirin ictimai-siyasi xadimi, ölkənin sabiq xarici işlər naziri, millət vəkili Məhəmməd Əl-Orabi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini qəsdən atəşə tutmasını, nəticədə kəndin iki sakinin, biri qadın, digəri isə iki yaşlı uşaq olmaqla öldürülməsi ilə bağlı deyib.
Bu hadisəni şiddətlə pisləyən sabiq nazir açıqlamasında münaqişənin müasir dünyada yaşlıları, qadınları, uşaqları vəhşicəsinə öldürməklə deyil, əksinə beynəlxalq hüquq və normaları, o cümlədən BMT TŞ-nin sözüdən münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələr əsasında həll olunmasının zəruriliyini vurğulayıb.
Misirin Yazıçılar Birliyinin sədri doktor Alə Əbdül Hədi də 2 yaşlı Zəhranın öldürülməsini insanlıq əleyhinə qəddarlıq adlandırıb. Alə Əbdül Hədi iyulun 4-də erməni silahlı qüvvələrinin törətdiyi qanlı hadisə nəticəsində 2 yaşlı Zəhranın qətlə yetirilməsini qətiyyətlə pislədiyini bildirib.
O, heç bir insanın buna izah verə bilmədiyini, bu hadisənin insanlıq əleyhinə qəddarlıq və vəhşilik olduğunu vurğulayıb.
Alə Əbdül Hədi bu hadisəni dünyanın bütün sülhpərvər qüvvələrini qınamağa çağırıb.
“Dinc sakinlərin, xüsusilə də qadın və uşaqların öldürülməsi terror kimi qiymətləndirilməlidir”. Azərbaycanın Misirdəki səfirliyindən verilən məlumata görə, bunu isə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi Əbdürrəhman Səd iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribatla bağlı deyib.
Baş katib Ə.Səd Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törədilən qanlı cinayət barədə açıqlama verərək, Ermənistan silahlı qüvvələrinin bundan əvvəl də Xocalıda dəhşətli qətliam törətdiyini, aralarında qadın, uşaq, yaşlı olmaqla 613 dinc sakini vəhşicəsinə öldürdüyünü xatırladıb.
Baş katib Ermənistanı sülh danışıqlarına riayət etməsini, BMT TŞ-nın məlum qətnamələrini yerinə yetirməsini tələb edərək, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin regionda sülh və sabitliyin bərqərar olması üçün olduqca vacib olduğunu bildirib.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.