Azərbaycanın ABŞ-dakı səfirliyi 2017-ci il iyulun 4-ü erməni qoşunları tərəfindən Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb. Trend-in məlumatına görə, bəyanatda səfir Elin Süleymanov Ermənistan tərəfindən atəşkəs rejiminin növbəti dəfə pozulmasını pisləyib.
Bəyanatda qeyd olunur ki, Ermənistan atəşkəs rejimini qəsdən pozub: “Bu faciə bir daha təsdiq edir ki, bu münaqişədə status-kov qəbuledilməzdir. Təəssüf ki, Ermənistan Azərbaycanın sülh danışıqlarına çağırışlarını qəbul etməməkdə davam edir”.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.